Üzümçülük və Şərabçılıq ETİ

Elmi əməkdaşlıq əlaqələri 

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yerli üzüm sort və formalarının genetik müxtəlifliyinin müasir üsullarla (molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s.) öyrənilməsi istiqamətində bir çox beynəlxalq təşkilat və xarici ölkə Institutları ilə (Bioversity İnternational, OIV, COST, İNRA, İtaliya Milan Universiteti və s.) elmi əməkdaşlıq əlaqələri qurmuşdur. Bunun nəticəsində Institut əməkdaşları tərəfindən birgə analiz və tədqiqatlar məqsədilə Azərbaycanın üzümçülük bölgələrində araşdırma və ekspedisiyalarla aşkar olunmuş, indiyə qədər elmi əsaslarla öyrənilməyən nadir 70 yerli genotipi bağlanılmış müqavilələr əsasında Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutunda (Institut für Rebenzüchtung Geilweilerhof), 4 yabanı üzüm nümunəsi isə Fransanın Milli Aqrar Araşdırmalar Mərkəzində (İNRA) tədqiqi davam etdirilir. Yerli üzüm sortlarının molekulyar-genetik tədqiqatlarda nəzərdə tutulan 24 SSR markerlər üzrə genotipləşdirilməsi işi aparılır.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə İsmayıllı, Şamaxı və Salyan rayonlarının üzümçü fermer və sahibkarlarının daha yaxşı informasiya məsləhət xidmətləri ilə təmin edilməsi üçün Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) müvafiq əməkdaşlarına təlim-seminarların keçirilməsinə başlanılmışdır.
Layihə “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki peşə təhsili və təlimi” regional proqramı çərçivəsində həyata keçirilir. Beynəlxalq elmi əməkdaşlıq haqqında razılaşmalara əsasən Dağıstan Dövlət Kənd Təsərrüfatı Akademiyası, Ukrayna Milli Elmlər Akademiyasının Aqroekologiya və Təbiətdən Istifadə İnstitutu, “Maqaraç” Milli Üzüm və Şərab İnstitutu, Gürcüstan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Şərabçılıq Mərkəzi ilə müxtəlif sahələrdə məsləhətləşmələr və informasiya və nəşr mübadiləsi aparılmışdır. Milan Universiteti, RF-nın Kuban Aqrar Universiteti, Ukraynanın Tairov adına və “Maqaraç” Üzümçülük və Şərabçılıq İnstitutları, Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu, Fransanın Milli Aqrar Araşdırmalar Mərkəzi (İNRA), Türkiyənin Təkirdağ Araşdırma İnstitutu ilə üzümün genetik xüsusiyyətlərinin tədqiqi istiqamətində birgə araşdırmalar davam etdirilir.