Mərkəz haqqında

AQRAR ELM VƏ İNNOVASİYA MƏRKƏZİ

Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 nömrəli qərarı ilə yaradılmış Aqrar Elm Mərkəzi 42 dövlət toxumçuluq, tinglik və damazlıq müəssisələrinin aqrar elmdəki vahid strateji məqsədlərini formalaşdırmaq, alınan elmi nəticələrin özəl təsərrüfatlarda tətbiqinin səmərəliliyini həyata keçirir.
“Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli 152 nömrəli Fərmanının 2.8-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabinetinin qərarı ilə sonradan Mərkəzin adı dəyişdirilərək, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi, Nazirlər Kabinetinin “Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 2015-ci il 17 aprel tarixli, 109 nömrəli qərarına görə isə “Aqrar Elm və İnnovasiya Mərkəzi” adlandırılır.

 

2.MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

- Mərkəz kənd təsərrüfatı sahəsində tələbata yönümlülük, keyfiyyət, innovasiya prinsipləri və iqtisadi sahədə qabaqcıl digər beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
- Nazirlik sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrində kənd təsərrüfatının mühüm istiqamətləri üzrə fundamental və tətbiqi tədqiqatların planlaşdırılması və koordinasiyası; ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondların yaradılması;
- Azərbaycan Milli Elmlər Akademiyası və Elm Fondu ilə əlaqəli şəkildə müvafiq elmi təşkilatların və ali təhsil müəssisələrinin elmi və elmi-praktiki fəaliyyətinin əlaqələndirilməsində iştirak;
- Tətbiqi tədqiqatların nəticələrinin təhlil edilməsi, tətbiqə yönləndirilməsi, Regional Aqrar Elm və İnnovasiya Mərkəzləri şəbəkəsi vasitəsi ilə təbliği və yayılması;
- Müasir texnologiyaların tətbiqi və istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin texnoloji avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;
- Elmi-tədqiqat institutlarında yaradılmış yeni bitki sortları, hibridləri və heyvan cinslərinin müvafiq olaraq ilkin toxumçuluğunun və damazlıq işinin təşkili.
- Beynəlxalq elm mərkəzləri və xarici ölkələrin müvafiq elmi müəssisələri ilə əlaqələrin yaradılması, birgə layihələr üzrə kompleks elmi-tədqiqat işlərinin aparılmasının təşkili, beynəlxalq və regional layihələrdə iştirak.
- Fəaliyyət istiqamətlərinə uyğun olaraq doktorantura və dissertantura yolu ilə elmi kadrlar və mütəxəssislər hazırlamaq;
- Aqrar sahədə müasir texnologiyalardan istifadənin üstünlüklərinin təbliği, biliklərin mənimsənilməsi və yayılması, sahə elmi-tədqiqat institutları, ali təhsil müəssisələri, yerli özünüidarəetmə orqanları və qeyri-hökümət təşkilatları ilə əlaqəli şəkildə ölkənin kənd təsərrüfatında innovasiyalı iqtisadiyyatın inkişaf etdirilməsində iştirak;


3.AEİM-İN MƏQSƏDİ
Mərkəzin yaradılmasında məqsəd Azərbaycan Respublikasında kənd təsərrüfatının elmi əsaslarla inkişaf etdirilməsi, onun və tabeliyindəki qurumların vahid şəkildə idarə edilməsi, mərkəzin və onun tabeli qurumlarının fəaliyyətinə nəzarət edilməsi və koordinasiya olunması, ölkənin iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermerlərə elmi-metodik dəstəyin göstərilməsi, kənd təsərrüfatının innovativ tələblərə uyğun formalaşdırılması və regionlarda kənd təsərrüfatının innovativ inkişafı sahəsində sistemli tədbirlərin görülməsi, iqtisadi, sosial və regional siyasətin həyata keçirilməsi, şəffaflığın və çevikliyin təmin edilməsidir.


4.MƏRKƏZİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

1.1. Mərkəz fəaliyyət istiqamətinə uyğun olaraq ölkədə aqrar sahənin elmi təminatının bazar münasibətləri şəraitində dinamik inkişafını, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla aqrar elmi tədqiqatların səmərəliliyinin artırılmasını, nəticələrin geniş tətbiqini və kənd təsərrüfatı informasiya-məsləhət xidmətinin təşkilini təmin etmək məqsədi ilə aşağıdakı vəzifələri yerinə yetirir:
1.2. Aqrar sahənin prioritet istiqamətləri üzrə elmi-tədqiqat işlərinin aparılmasını, kənd təsərrüfatı informasiya-məsləhət xidməti subyektləri arasında qarşılıqlı əlaqələrin qurulmasını və birgə fəaliyyət proqramının hazırlanıb həyata keçirilməsini təşkil edir;
1.3. Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi-tədqiqat müəssisələrinin fəaliyyətini əlaqələndirir;
1.4. Aqrar elmin müxtəlif sahələri üzrə elmi tədqiqat işlərinin aparılmasını və nəticələrinin istehsalata tətbiqinin həyata keçirilməsini təşkil edir;
1.5. Regional Aqrar Elm və İnnovasiya Mərkəzlərinin (bundan sonra RAEİM) vasitəsi ilə yerlərdə kənd təsərrüfatı məhsulları istehsalçılarına informasiya-məsləhət xidmətlərinin göstərilməsini təşkil edir;
1.6. Təlim və məsləhət xidməti üçün materialların hazırlanmasını və yayımını təşkil edir, məsləhətçilərin və ekspertlərin seçilməsi və onların ixtisaslarının artırılması üçün tədbirlər görür;
1.7. Kənd təsərrüfatı informasiya-məsləhət xidməti sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir;
1.8. Təşkilati-hüquqi formasından asılı olmayaraq aqrar sahədə informasiya-məsləhət xidməti göstərən subyektlər ilə qarşılıqlı əlaqəni təmin edir;
1.9. Yeni sort, hibrid və cinslərin yaradılmasını, ilkin toxumçuluğun və damazlıq işinin elmi əsaslarla həyata keçirilməsini təşkil edir;
1.10. İdarəetmə sisteminin təkmilləşdirilməsi, istehsal-texniki və xidmət bazalarının formalaşdırılması, kənd təsərrüfatında investisiya qoyuluşu, həmçinin kooperasiya və inteqrasiya əlaqələrinin formalaşmasına dair elmi cəhətdən əsaslandırılmış təkliflər verir;
1.11. RAEİM-lər vasitəsilə yerlərdə tədqiqata olan ehtiyacları müəyyən edir, elmi nəticələrin nümayişi, təbliği və tətbiqini həyata keçirir;
1.12. Ölkədə və beynəlxalq elmi mərkəzlərdə yüksək ixtisaslı elmi kadrların hazırlanmasını təşkil edir, əməkdaşların elmi və texniki ixtisasının artırılması sahəsində iş aparır, yaranmış potensialın saxlanması və gücləndirilməsi üçün şərait yaradır;
1.13. Ölkənin kənd təsərrüfatında rəhbər işçilərin və mütəxəssislərin, fermer və sahibkarların peşə yönümlü qabiliyyətlərinin artırılması, kadrların yenidən hazırlanması üzrə tədbirlər görür;
1.14. Mərkəz Azərbaycan Milli Elmlər Akademiyası, Aqrar Tədqiqatlar Mərkəzi, yerli ali təhsil müəssisələri, Beynəlxalq elm mərkəzləri, xarici ölkələrin müvafiq elmi idarələri ilə birbaşa elmi əlaqələr yaradır, qarşılıqlı razılaşma əsasında birgə layihələr üzrə kompleks elmi tədqiqat işlərinin aparılmasını təşkil edir;
1.15. Dünya aqrar elminin nailiyyətlərinin və qabaqcıl təcrübələrinin öyrənilməsi, sınaqdan keçirilməsi və tətbiq edilməsi üçün tədbirlər görür;
1.16. Ölkəmizi beynəlxalq elmi konqres, simpozium, konfrans, seminar və müşavirələrdə təmsil edir;
1.17. Mühüm elmi problemlərin müzakirəsinə və elmi-tədqiqat işlərinin əlaqələndirilməsi məsələlərinə həsr edilmiş milli müşavirələr, konqreslər, simpozium və seminarlar keçirilməsini təşkil edir;
1.18. Yeni sort, hibrid və cinslərin, onların toxum və damazlıq materiallarının reklam olunmasını, bölgələrdə yeni bitki sortlarının nümayiş əkinlərinə, heyvan cinslərinə, yeni texnikaya baxış keçirilməsini təşkil edir və aqrar elmin digər sahələrində əldə edilən nailiyyətləri bölgə müşavirələrində təbliğ edir;