Xəbərlər

Fermerlərə məxsus üzüm bağlarında maarifləndirmə tədbirlərinə start verilib. 
Mövsümlə əlaqədar olaraq Aqrar Elm və İnnovasiya Mərkəzinın Üzümçülük və Şərabçılıq Elmi-Tətqiqat İnstitutunun əməkdaşları fermerlərə məxsus üzüm bağlarındamaarifləndirmə tədbirlərinin keçirilməsinə başlayıblar. “Üzümçülükdə mövsümü aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirlərinin vaxtında aparılması”mövzusunda ilk sahə təlimi Abşeron rayonunun Məhəmmədi kəndində yerləşən bağlarda keçirilib. Üzümçü fermerlərin iştirakı ilə keçirilmiş maarifəndirmə tədbirində institutun direktor əvəzi, aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov bildirib ki, üzüm tənəklərində vegetasiya fazalarının başlanması, davametməsi torpaq-iqlim şəraitindən və sort xüsusiyyətlərindən asılı olaraq müxtəlif olur. Məsələn, iyun ayının əvvələrində Abşeron və Şamaxı rayonlarında tənəklər çiçəkləmə mərhələsində olduğu halda, Salyan rayonu şəraitində üzüm qoraların iriləşməsi mərhələsində olur. Bu ayonlar arasında eyni fenofazalar üzrə 12-18 gün fərq müşahidə edilir. Ona görə də, üzümçülükdə aqrotexniki tədbirlərin aylar üzrə deyil, fenofazalar üzrə aparılması daha səmərəlidir. Buna görə də hər bir bölgənin torpaq-iqlim şəraitində tənəklər müntəzəm izlənilməli və hər bir fazaya uyğun aqrotexniki tədbirlər vaxtında yerinə yetirməlidir.Hazırkı vaxt Abşeron şəraitindəki üzümlüklərdə qoranın əmələ gəlməsindən onların yetişməyə başlamasına qədər olan fazanın əvvəlinə təsadüf edir. Ona görə də fermerlərə bu dövr üçün xarakterik olan aqrotexniki, aqrokimyəvi və bitki mühafizəsi tədbirləri haqqında ətraflı məlumatlar verilib.Bu faza qoranın əmələ gəlməsindən onların yetişməsi başlayana qədər olan dövrü əhatə edir və üzümün həyatında ən uzun sürən və həssas mərhələdir. Üzümçü fermerlərin diqqətinə iyun ayı ərzində görülməsi vacib olan tədbirlər kompleksi çatdırılıb. Belə ki, ayın axırına qədər göbələk xəstəliklərinə (mildiu, oidium, antraknoz, ölü kol və s.) və gilə qurduna qarşı kimyəvi çiləmənin aparılması, suvarma və mikrogübrələrlə kökdənkanar yemləmələrin aparılması, kişmişi üzüm sortlarının kəmiyyət və keyfiyyət göstəricilərinin yaxşılaşdırılması məqsədilə “boy hormonlarından” istifadə, cərgələrdə torpağın yumşaldılması və cərgəaralarında kultivasiya aparılması, yarpaq qoparma, zoğların ikinci bağlanması, kişmiş və süfrə üzüm sortlarında salxım və gilələrin seyrəldilməsi, salxımın ucunun qoparılması vacibdir. Zoğlarda sürətli böyümə dayanan vaxt (iyulun axırı, avqustun əvvəlində) ucvurma tədbirləri aparılmalıdır. Üzümçülük və Şərabçılıq Elmi-Tətqiqat İnstitutunda yaradılmış Məsləhət Qrupu tərəfindən digər kəndlərdə də analoji maarifləndirmə tədbirləri həyata keçiriləcək.