Xəbərlər

Litva nümayəndə heyəti Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub

08.11.2019
Azərbaycanda rəsmi səfərdə olan Litva Seyminin sədri Viktoras Prantskietis bu gün Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olub. Qonaq institutun laboratoriya və istixanalarında aparılan elmi-tədqiqat işləri ilə yaxından tanış olub. Kənd Təsərrüfatı Nazirinin müavini İlham Quliyev əvvəlcə qonağa biotexnologiya laboratoriyası haqqında məlumat verib. Bu laboratoriyada in vitro üsulu ilə viruzsuz tərəvəz toxumlarının istehsalı həyata keçirilir. Qonağa məlumat verilib ki, son illər dövlət dəstəyi sayəsində  elmi-tədqiqat müəssisələrinin işinin yenidən qurulması, ən son texnoloji innovasiyaların tətbiqi sahəsində mühüm addımlar atılır. İnstitutda yaradılmış laboratoriyalar ekoloji baxımdan təmiz, virusa yoluxmayan tərəvəz toxumlarının istehsalına imkan verir. 
 Litva Seyminin nümayəndə heyəti institutdakı digər müasir laboratoriyaların fəaliyyəti ilə də tanış olublar. Qonağa müasir avadanlıqların iş rejimi, gübrələmə, bitki mühafizə tədbirlərinin təşkilində tətbiq olunan innovasiya sistemləri nümayiş olunub. 
Daha sonra nümayəndə heyəti institutun istixanalarında olub. Qonaqlara  məlumat verilib ki, istixanalarda xəstəliklərdən mühafizə olunmuş şəraitdə seleksiya və toxumçuluq işləri aparılır, dörd yeni sort yaradılaraq dövlət sort sınağına təqdim olunub. Nümayəndə heyəti Toxum Satış Mərkəzində olaraq fermerlərə təklif olunan sağlam nümunələri ilə tanış olublar.  
Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin direktori İmran Cümşüdov, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev litvalı qonaqlara ölkədə həyata keçirilən dövlət dəstəyi tədbirləri haqqında geniş məlumat veriblər. Bildirilib ki, aqrar bazar iştirakçılarının stimullaşdırılmasına göstərilən birbaşa və dolayı dəstək tədbirləri sayəsində kənd təsərrüfatının bütün sahələrində ciddi artım əldə olunub, ixrac bazarlarında ölkənin mövqeyi güclənib. Azərbaycanın aqrar sektorunun xarici investisiyalar üçün cəlbedici olduğunu vurğulan İlham Quliyev litvalı iş adamlarını tərəvəçilik, heyvandarlıq, eyni zamanda birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsində əməkdaşlığa dəvət edib.  
Litva Seyminin sədri Viktoras Prantskietis çay süfrəsi ətrafında aparılan müzakirədə bildirib ki, son illər Azərbaycanda kənd təsərrüfatına dövlət səviyyəsində göstərilən dəstək təbirləri, xidmət və elmi təminat sisteminin təkmilləşdirilməsi maraqla izlənilir. Əlverişli biznes mühiti  ölkələr arasında aqrar sahədə çoxşaxəli əməkdaşlığın qurulmasına geniş imkanlar açıb. Ölkəsinin Azərbaycandakı səfirliyi vasitəsi ilə müzakirə olunan əməkdaşlıq istiqamətlərinin inkişaf etdiriləcəyini, yaxın gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunacağını deyən Litva Seyminin sədri Viktoras Prantskietis ticarət əlaqələrinin inkişafının vacibliyi vurğulayıb. O bildirib ki, litvalı alimlərin və iş adamlarının Azərbayacana səfəri təşkil olunaraq müzakirə olunan istiqamətlərin  həyata keçirilməsi ilə bağlı geniş diskusiyalar təşkil olunacaq. 
Qarşılqılı müzakirədə əməkdaşlığın bir sıra məsələri müzakirə olunub və hədiyyələr təqdim olunub.