Xəbərlər

Yerli üzüm genotiplərinin müasir üsullarla öyrənilməsi əhəmiyyətli elmi istiqamətdir

09.12.2019
 
Aqrar Elm və İnnovasiya Mərkəzinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yerli üzüm sort və formalarının  genetik müxtəlifliyinin müasir üsullarla (molekulyar-genetik, ampelo və fenotipik deskriptorlarla, biokimyəvi və s.) öyrənilməsi istiqamətində bir çox beynəlxalq təşkilat və xarici ölkə institutları ilə (Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutu, Bioversity İnternational, OIV, COST, İNRA, İtaliya Milan Universiteti və s.) elmi əməkdaşlıq əlaqələri quraraq birgə elmi fəaliyyət həyata keçirməyi planlaşdırır. Hazırda institutut AMEA Genetik Ehtiyatlar İnstitutu və Bioversity İnternational (Biomüxtəliflik üzrə Beynəlxalq Təşkilat), o cümlədən COST (Elm və Texnika üzrə Avropa Əməkdaşlığı) Beynəlxalq təşkilatları ilə birgə “Qara dəniz və Xəzər dənizi ətrafı regionlarda üzümün genetik ehtiyatlarının konservasiyası və davamlı istifadəsi” mövzusunda layihədə iştirak edir. Layihəyə ölkələrin yerli üzüm genofondu haqqında məlumatların mövcud beynəlxalq bazaya daxil edilməsi, milli məlumat bazasının yaradılması, yenilənməsi və zənginləşdirilməsi, genotiplərin ampelo-deskriptor kartlarının yaradılması və pasportlaşdırılması və digər məsələlər daxildir. Layihə çərçivəsində  üzümün vətəni sayılan ölkələrlə elmi əməkdaşlıq, orada üzümün genetik ehtiyatlarının toplanması, konservasiyası, davamlı istifadəsi və genotiplərin biomorfoloji, texnoloji, molekulyar-genetik identifikasiyası, onların biotik və abiotik amillərə qarşı davamlılıqlarının malekulyar-genetik səviyyədə araşdırılması, qiymətli genotiplərin mübadiləsi və geniş tətbiqi ilə bağlı məsələlər araşdırılıb. 
Beynəlxalq əməkdaşlıq çərçivəsində 2003-cü ildən başlayaraq aborigen üzüm sortlarının ilkin olaraq mənşəyi, o cümlədən bir neçə səciyyəvi morfoloji əlamətləri əks olunmaqla Beynəlxalq VİVC (Vitis- International Variety Catalogue) Vitis üzüm məlumat bazasına yerləşdirilmişdir. Qeyd edək ki,bu katoloq bütün dünyada olan üzüm sort və formalarını əhatə edir. Bu yerli sorlarımızın mənimsənilməsinin qarşısını xeyli dərəcədə almaqla, informasiyanın operativliyini təmin edir. Uzun illərdir ki, VİVC bazasında yerləşdirilmiş üzüm sortlarının adlarının, sinonimlərinin, mənşəyinin, morfoloji əlamətlərinin dəqiqləşdirilməsi və təkmilləşdirilməsi işləri həyata keçirilir. Bu günə qədər həmin bazaya Azərbaycanın 366-dan çox yerli üzüm sortu yerləşdirilmişdir.
COST-un dəstəyi ilə 2012-ci ildə Almaniyada nəşr edilən «Xəzər və Qara dəniz ətrafı ölkələrin ampeloqrafiyası”nda  dünyanın 6 ölkəsi ilə yanaşı, Azərbaycanın 54 üzüm sortunun ampeloqrafik təsviri OIV, Bioversity İnternational təşkilatlarının metodikası və protokolları əsasında verilmişdir. Bu addım Azərbaycanın unikal üzüm sortlarını dünyaya bir daha tanıtmış, sortlarımıza bədnam qonşularımızın məkrli iddialarının qarşısını  almışdır. 
Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində Cənubi Qafqazda yabanı üzümün mənşə və mədəniləşdirilmə tarixininin araşdırılması məqsədilə Azərbaycanın (Quba-Xaçmaz, Şirvan, Şəki-Zaqatala, Lənkəran bölgələrinə məxsus) bir sıra yabanı biotiplərinin molekulyar-genetik tədqiqi nəticəsində Cənubi Qafqaza aid dörd müxtəlif haplotip qrupundan (AAA, ATT, GTA və ATA) 3-nün ölkəmizdə aşkar edilməsi, buranın üzümün əsas mənşə və yaranma mərkəzlərindən biri olduğunu sübut etmişdir. Yabanı üzümün genetik təbiətinə görə haplotip AAA qrupuna Azərbaycandan 10 biotip, Gürcüstandan 19, Ermənistandan 2 və Türkiyədən isə 14 biotip daxildir. AAA haplotipinə yalnız Azərbaycan və Şərqi Gürcüstanda, ATA haplotipinə isə bütün tədqiq edilən ərazilərdə rast gəlinir. ATT haplotipinə isə Xəzər dənizindən Qara dənizinə qədər tədqiq edilən bölgənin cənub hissəsində aşkar edilmişdir. 
Həmçinin Beynəlxalq əməkdaşlıq çərçivəsində Azərbaycanın 42 yerli ənənəvi üzüm sortunun müxtəlif mənşəli (Qafqaz və Qərbi Avropa ölkələri) üzüm sortları ilə müqayisəli molekulyar-genetik  tədqiqi nəticəsində ölkəmizin üzüm  sortlarının daha geniş genetik müxtəlifliyə malik olduğu və genetik mənşəcə ayrıca  böyük bir qrup (94%) təşkil etdiyi üzə çıxarılmışdır.  Milan Universitetinə göndərilmiş həmin 42 yerli üzüm sortu və 4 yabanı üzüm forması həmin universitetin “özək kolleksiyasına” («Core collection») daxil edilmişdir. Tədqiqatlar zamanı öyrənilən 42 yerli üzüm sortunun sinonimlərinin aşkar edilməməsi, onların əsas diaqnostik morfoloji və ampelodeskriptor əlamətlərinə görə düzgün və identik  olmasını bir daha sübut etmişdir.
İnstitut əməkdaşları tərəfindən 2019-cu ildə  birgə analiz və tədqiqatlar məqsədilə Azərbaycanın üzümçülük bölgələrində araşdırma və ekspedisiyalarla aşkar olunmuş, indiyə qədər elmi əsaslarla öyrənilməyən nadir 70 yerli genotipi bağlanılmış müqavilələr əsasında Almaniyanın Geilweilerhof Üzümçülük İnstitutunda (Institut für Rebenzüchtung Geilweilerhof), 4 yabanı üzüm nümunəsi isə Fransanın Milli Aqrar Araşdırmalar Mərkəzində (İNRA) tədqiq edilmişdir. Almaniya və Fransa elmi mərkəzlərinin dəvəti əsasında institut alimləri elmi-tədqiqat işlərinin birgə aparılmasında iştirak edəcəklər.
Tədqiq edilən Azərbaycan mənşəli 70 üzüm genotipi ilkin olaraq 24 molekulyar-genetik marker və hər markerdə iki allel olmaq şərtilə identifikasiya olunmuşdur. Genetik analiz zamanı üzüm sortlarından eyni genetik profil göstərənlərin, genetik mutasiyalı formaların, variasiyaların olduğu da aşkar olunmuşdur. Buna baxmayaraq 70 genotip üzrə 41 təmiz genetik xətt müəyyən edilmişdir ki, bu da həmin sortların genetik identifikasiyasında əhəmiyyətli rol oynayacaqdır. Digər 29 eyni profil göstərən genotiplərin isə morfoloji, morfometrik və bioloji baxımdan dəqiq identifikasiyası həyata keçirilərək genetik profillərin eyniliyinin dəqiqləşdirilməsi istiqamətində tədqiqatlar davam etdirilir. 
Tədqiqatların növbəti mərhələsində genetik analiz edilmiş sortların mənşəyinin qorunub saxlanılması və beləliklə, onların mənimsənilməsinin qarşısının alınması məqsədilə genetik identifikasiyası aparılaraq, pasportlaşdırılması həyata keçiriləcək. Bununla yanaşı seleksiya işlərinin sürətləndirilməsi və nəticəyönümlülüyünün təmin edilməsi məqsədilə yerli üzüm sortlarının müxtəlif donor əlamətlər üzrə genetik analizlərinin həyata keçirilməsi planlaşdırılır.
Ümumiyyətlə, biomüxtəliflik aqrar sahənin müxtəlif sahələrinin inkişafında baza (xammal) rolunu oynamaqla daim qorunmalı və davamlı istifadə olunmalıdır. Aqrar sektorun gəlirli sahələrindən olan üzümçülüyün inkişafında da təbii ki, onların yabanı və mədəni genofondu əvəzsiz vasitədir. Respublikada müasir beynəlxalq üsullardan istifadə edilməklə üzüm genofondunun qiymətləndirilməsi, səmərəli istifadə olunması, qorunması, seleksiya-təsərrüfat işlərinə uğurla cəlb olunması  aktuallığını həmişə saxlamaqdadır. Məlumdur ki, müxtəlif bitki genotiplərinin genetik pasportlaşdırılması DNT markerləri və biokimyəvi marker metodları ilə hərtərəfli və dəqiq yerinə yetirilir, o cümlədən SSR markerlər müxtəliflik və heteroziqotluq xüsusiyyətlərini yüksək səviyyədə tədqiq edən müasir və son dövrlərdə geniş yayılan üsullardandır. Belə ki, üzümdə nadir allellərin təyini genotiplərin tanınması və pasportlaşdırılmasında, kolleksiyaların səciyyələndirilməsində, sort və formaların mənşə “hüququnun” qorunub saxlanılmasında olduqca əhəmiyyətlidir.
Əldə edilən molekulyar-genetik nəticələr yerli üzüm genofondunun genom quruluşunu öyrənməklə, onların genetik müxtəlifliyini, genetik oxşarlıq və qohumluq əlaqələrini müəyyən etməyə, donor genotiplərin seleksiya proqramlarında daha səmərəli və məqsədəuyğun istifadə olunmasına şərait yaradacaqdır. Xüsusilə, yerli üzüm genotiplərinin genom quruluşunun müəyyən edilməsi onlara qarşı xarici ölkələr, xüsusən də bədnam qonşularımız tərəfindən irəli sürülən məkirli iddialara elmi baxımdan son qoymaqla, sortlarımızın mənimsənilməsinin qarşısını alacaqdır.
 
Nicat Nəsirli
Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri
Vüqar Səlimov
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru