Xəbərlər

Fındıqçılığın inkişafı ilə bağlı yeni layihəyə start verilib

16.06.2020

“Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi – HAZER” layihəsinin onlayn təqdimatı keçirilib. Təqdimatda Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Tofiq Rzayev, Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) sədri Mirzə Əliyev, Aqrar Elm və İnnovasiya Mərkəzinin (AEİM) direktor müavini Fərman Kərimov, BMT-nin Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak və özəl sektor nümayəndələri iştirak ediblər.
Layihə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə həyata keçirilir. Layihənin əsas məqsədi mexanikləşdirmə texnologiyalarından istifadə etməklə fındıq istehsalının effektivliyini artırmaq və aflatoksin maddəsinin mövcudluğu riskinin azaldılmasına xüsusi diqqət yetirməklə, istehsal edilmiş fındığın keyfiyyətini yüksəltmək üçün kiçik fermerlərə qabaqcıl kənd təsərrüfatı təcrübələrini tətbiq etmək imkanı yaratmaqdır. "Fındıq sektorunda müxtəlif maraqlı tərəflərlə, o cümlədən kiçik və orta fermerlər ilə işləməyin və uzunmüddətli perspektivdə davamlılığı təmin etmək üçün layihənin icrası müddətində özlərini məsul hiss etmələrinin vacibliyini qeyd etmək istərdim. Layihə sahədəki fermerlərin dolanışıqlarını yaxşılaşdırmaq üçün fındıq istehsalının keyfiyyətini və məhsuldarlığını artırmaq üçün kollektiv səyləri əhatə edəcəkdir” – deyə FAO Baş Qərargahının Kənd təsərrüfatının mexanizasiyası sistemləri üzrə ekspertı xanım Maylinq Flores Rocas bildirib.
Layihə yeni yaradılmış hökumət institutları və dövlət qurumlarının özəl sektor iştirakçıları ilə əlaqələrin qurulması imkanlarını genişləndirəcək. Bütün tədbir və fəaliyyətlər fındıq istehsalının dayanıqlı inkişafı üçün bu sahədəki iştirakçıların potensialının artırılmasına yönəldilib. FAO-nun kənd təsərrüfatı məhsullarının istehsalı və qorunması, genetik ehtiyatların qorunub saxlanması, mexanikləşdirmə, məsafədən zondlama, xəritəçəkmə, bioenerji, monitorinq və qiymətləndirmə sahəsindəki texniki potensialı düzgün dəstəyin göstərilməsində əhəmiyyətli rola malikdir.
Təqdimat zamanı çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dünyanın fındıq istehsalçıları arasında ilk beşlikdə (Türkiyə, İtaliya, ABŞ və Gürcüstan ilə yanaşı) yer alır. Son illər ölkədə fındıq istehsalının həcmi sürətlə artır ki, bu da dövlət tərəfindən bu sahəyə (o cümlədən, torpaq, tinglər, gübrə, texnika və ixrac daxilolmaları üçün) güzəştlər şəklində əhəmiyyətli dəstəyinin nəticəsidir. Fındıq bağlarının sahəsinin 40 min hektardan 80 min hektara qədər artırılması hədəf qoyulub.