Xəbərlər

Şəkidə təkrar qarğıdalı əkini aparılır

15.07.2020

“Respublikanın torpaq-iqlim şəraiti payızlıq dənli-taxıl bitkiləri yığıldıqdan sonra, təkrar əkin aparılmasına və ikinci məhsul alınmasına imkan verir. Qarğıdalı bitkisinin qısa vegetasiya müddətinə malik olması (90-100 gün) və hektardan yüksək dən və yaşıl kütlə verməsi, onun təkrar əkində istifadəsini ön sıraya çıxarır. Odur ki, Aqrar Elm və İnnovasiya Mərkəzinin strukturuna daxil olan qurumlar tərəfindən yaxın günlərdə 560 hektarda hibrid qarğıdalı əkini planlaşdırılmışdır”. Bu fikirləri AEİM-in direktoru İmran Cümşüdov Şəki rayonunda təkrar əkin aparan fermerlərlə görüşdə bildirib.
Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin sahələrində də təkrar qarğıdalı əkini aparılıb. Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev, AEİM-in direktoru İmran Cümşüdov, eləcədə bölgədəki yerli qurumların nümayəndələri, DAİM əməkdaşları, fermerlər səpini müşahidə edərək becərmə texnologiyası ilə bağlı fikir mübadiləsi aparıblar. Qlobal iqlim dəyişikliyinin mənfi nəticələri, ərzaq balansının təmin olunmasında təkrar qarğıdalı əkinlərinin aparılmasının əhəmiyyəti və bu sahədə fermerlərin maarifləndirilməsinin vacib olduğu bildirilib.
Nazirlər Kabinetinin 22 may 2020-ci il tarixli qərarı ilə Dövlət Büdcəsinin Ehtiyat Fondundan kənd təsərrüfatı istehsalçılarının toxum təminatının dəstəklənməsi məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyinə 5 milyon manat vəsaitin ayrılması və təkrar qarğıdalı əkininin hər hektarına 60 AZN birdəfəlik subsidiya verilməsi fermerlərin nəzərinə çatdırılıb.
Rayonda təkrar əkin prosesi davam etdirilir.