Xəbərlər

Biçindən sonra sahələrin yandırılması ekologiya və kənd təsərrüfatına ziyan vurur

23.07.2020

Təsərrüfat sahibləri qəbul etməlidirlər ki, buğda və arpa sahələrindən məhsulu yığdıqdan sonra kövşənliyin yandırılması yolverilməzdir. Bu barədə qabaqcıl fermerlər, həmçinin aqrar sahə mütəxəssisləri mütəmadi olaraq öz fikir və tövsiyələrini bildirsələr də, günümüzdə sahələrini bilərəkdən və ya bilmədən yandıranlara rast gəlinməkdədir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə Tərtər Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin direktoru Bəhruz Nəzərov deyib.
O bildirib ki, sahələrdə quru bitki qalıqlarının yandırılması həm ekologiyaya, həm də kənd təsərrüfatına ziyan vurur. Əkin sahələrinin yandırılması nəticə etibarilə kənd təsərrüfatına yararlı torpaqların üst münbit qatının, o cümlədən mikrofloranın, uzun illər ərzində formalaşmış faydalı mikroorqanizmlərin məhvinə, qidalı maddələrin balansının pozulmasına, torpaqda olan üzvi və qeyri-üzvi maddələrin itirilməsinə gətirib çıxarır. Bu da öz növbəsində həmin sahələrdə gələcək əkinlər zamanı becəriləcək bitkilərin məhsuldarlığının 20-30 faiz azalmasına səbəb olur. Mütəxəssis rəylərinə əsasən, bir hektar sahədə samanın yandırılması nəticəsində 1-1,5 ton humus itirilir ki, bu itkinin bərpa edilməsi üçün hektara 10-15 ton üzvi gübrə vermək lazımdır.
B.Nəzərov qeyd edib ki, torpaqda qida maddələrinin mübadiləsi, bitki qalıqlarının parçalanıb torpaq münbitliyini artırması üçün flora və fauna qorunmalıdır: “Kövşənliyin yandırılmasının qarşısını almaqla torpaq strukturunun yaxşılaşmasına, suyun hərəkətinin asanlaşmasına, nəmliyin toplanmasına, torpağın həyat qabiliyyətinin güclənməsinə səbəb ola bilərik. İsti yay günlərində torpağın strukturunu qorumaq, nəmliyin həddindən çox buxarlanmasının qarşısını almaq üçün samanı yandırmamalıyıq. Biçindən sonra şumun aparılması üçün saman sahədən kənara daşınmalıdır. Buğda və arpa biçininin müasir kombaynlar vasitəsilə həyata keçirilməsi daha məqsədəuyğundur. Bu cür kombaynlar samanı doğrayaraq mulça şəklində sahəyə səpir. Biçindən dərhal sonra əkiləcək bitkiyə uyğun olaraq gübrələrdən istifadə etməklə şum aparılmalıdır”.
Mərkəzin direktoru kövşənlərin yandırılmasının qarşısının alınması üçün növbəli əkin sisteminin səmərəliliyini də vurğulayıb. “Taxıl biçilmiş sahələrdə şum aparmadan, sadəcə, diskləmə edərək torpağı səpinə hazırlamaq, hazırda dünyada geniş yayılmış sıfır becərmə üsulundan istifadə etməklə, heç bir əməliyyat aparmadan növbəli əkin prinsipinə əsaslanaraq səpin işlərini həyata keçirmək məqsədəuyğundur. Təkrar əkinin aparılması ilə həm torpağın münbitliyini qoruyaraq zənginləşdirərik, həm də il ərzində ikinci məhsul götürərik", - deyə B.Nəzərov bildirib.