Xəbərlər

Yerli pambıq sortlarının əkin sahələri genişləndirilir

30.07.2020

Ölkəmizdə xam pambıq istehsalının dinamik inkişafını təmin etmək, toxuculuq sənayesinin mahlıca olan tələbatını ödəmək üçün məhsuldar, tezyetişən, xəstəlik və zərərvericilərə qarşı davamlı, qlobal iqlim dəyişikliyi fonunda innovativ üsullarla ekoloji stressə davamlı pambıq sortlarının yaradılması istiqamətində elmi tədqiqatlar aparılır.
Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunda aparılan çoxsahəli seleksiya işi nəticəsində 10-dan artıq yeni pambıq sortları rayonlaşdırılıb. Gəncə-110, Gəncə-114, Gəncə-160 və Gəncə-182 pambıq sortlarının ilkin toxumçuluq işi qurulmuş və elit toxumçuluq təsərrüfatlarında elit toxumları hazırlanmışdır. Salyan və Tərtər RAEİM-lərdə Gəncə-110 pambıq sortu, Beyləqan rayonunda Gəncə-114 pambıq sortu, Gəncə RAEİM-də Gəncə-182 pambıq sortu, Mil Təcrübə Stansiyasında isə Gəncə-160 pambıq sortunun elit toxumları hazırlanmaqdadır. 2019–cu ildə istehsal olunmuş pambıq sortları müxtəlif fermer təsərrüfatlarında əkilmişdir. Belə ki, Beyləqan rayon Qaradağlı kəndində fermer Əjdər Hüseynovun sahəsində Gəncə-160 pambıq sortu (3 ha), Allahyar Müslümovun sahəsində Gəncə - 110 pambıq sortu (3 ha), Saatlı rayonu Mustafabəyli kəndində fermer Əliabbas Şəmmədovun sahəsində Gəncə-110 pambıq sortu (20 ha), Salyan rayonu Sarvan kəndində Mərdan Cəlilovun əkin sahəsində Gəncə-160 (12 ha) pambıq sortu əkilmişdir. Həmçinin, vahid sahədən iki məhsul almaq məqsədilə Sabirabad rayonu Yenikənd kəndində arpa biçinindən sonra “Fructus” şirkəti 27 hektar sahədə və Neftçala rayonu Xolqarabucaq kəndində Alim Abdullayev 2 hektar sahədə, Gəncə-110 pambıq sortları əkmişlər. Arpadan sonra əkilmiş Gəncə-110 pambıq sortu hal hazırda kütləvi qönçələmə fazasındadır və oktyabr ayının sonlarında hektardan 30-35 sentner xam pambıq yığımı gözlənilir.
BMTB ETİ-də yeni yaradılmış pambıq sortlarından Beyləqan, Saatlı və Salyan rayonlarında pambıq əkinlərindən hektardan 50 sentner xam pambıq məhsulu gözlənilir. Xam pambığın məhsulunun yığımı avqust ayının ikinci yarısında başlanacaq və sentyabr ayının sonunda başa çatacaq.