Xəbərlər

Aqroməsləhət xidmətinin göstərilməsi üçün Şamaxı və İsmayıllı rayonlarında üzümlüklərə baxış keçirilib

01.09.2020

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzi Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) və İsmayıllı DAİM-in təşkilatçılığı ilə ölkəmizin əsas üzümçülük bölgələrindən olan Şamaxı və İsmayıllı rayonlarında üzümlüklərin məqsədyönlü becərilmə texnologiyası, səmərəli diferensial aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirləri, üzümçülükdə qarşıya çıxan risklərin mənfi təsirlərindən sığortalanmaq məqsədilə preventiv tədbirlər ilə bağlı elmi-praktiki məsləhət və xidmətlərin göstərilməsi məqsədilə fermer təsərrüfatlarına baxış keçirilmiş və “Dəmyə şəraitində üzümün becərilmə texnologiyası” və “Üzümçülükdə aqrokimyəvi tədbirlərin aparılma qaydaları” mövzularında təlimlər keçirilmişdir.
Şamaxı və İsmayıllı rayonlarında üzümlüklərdə hazırda mövcud olan problemlər araşdırılmış və aqronomik tədbirlərin elmi əsaslarla həyata keçirilməsində çətinliklər çəkən, məhsuldarlıq və məhsulun keyfiyyəti baxımından istənilən nəticə əldə edilə bilməyən fermer təsərrüfatları müəyyən edilmişdir.
Aparılan təhlillər göstərmişdir ki, bəzi dəmyə ərazilərdə yetişdirilən üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri nəzərə alınmır, üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, yaşıl əməliyyatlar, yarpaq alma, optimal yarpaq sahəsinin saxlanılması, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə, çiçək, salxım və gilə seyrəltmə tədbirləri vaxtlı-vaxtında və düzgün həyata keçirilmir, nəticədə zoğların boy gücünün və yetişmə dərəcəsinin həddən artıq zəifləməsinə, qida çatışmazlığından saralmalara, çiçəklərin həddən artıq tökülməsinə, gilələrin noxudlaşmasına, beləliklə, vaxtından əvvəl tənəklərin qocalmasına, hətta tənəklərin məhv olmasına səbəb olur, məhsuldarlıq və məhsulun keyfiyyəti aşağı düşür, səmərəlilik azalır, aqrotexniki, aqrokimyəvi və mühafizə işlərinə kifayət qədər xərc çəkilsə də istehsalçıların iqtisadi zərərə uğramasına gətirib çıxarır. Son dövrlər qlobal iqlim dəyişikliyi fonunda baş verən quraqlıq, yağıntıların həddindən artıq azalması və vegetasiya müddəti ərzində qeyri-bərabər paylanması və digər bu kimi ekoloji amillərə uyğun becərmə üsullarının tətbiq edilməməsi, istehsalçıların dəmyə şəraitdə üzümün yetişdirilmə texnologiyası ilə bağlı bilik səviyyəsinin aşağı olması, aqronomik tədbirlərin yerinə yetirilməsində ənənəvi yanaşma, müasir aqroekoloji və hidrometeoroloji amillərlə uzlaşmır.
Qeyd olunmuşdur ki, hazırda dəmyə üzümçülüyündə nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər gücləndirilməli, kultivasiya, bitkiarası becərmə, mulça örtüyü, payız, qış, yaz yağıntılarından səmərəli istifadə edilməli, yeni üzümlüklərin salınmasında quraqlığa davamlı sortların əkilməsinə üstünlük verilməlidir.
Qeyd olunanları nəzərə alaraq, institutun əməkdaşları tərəfindən “Dəmyə şəraitdə üzümün yetişdirilmə texnologiyası” adlı metodiki tövsiyələrin (proqram) nəşr olunması və fermerlərə çatdırılması qarşıya qoyulmuşdur.
İnstitutun mütəxəssisləri tərəfindən aqroməsləhət xidmətinin göstərilməsi və məhsuldarlığın artırılması üçün DAİM-lərin aidiyyəti nümayəndələrinin yaxından iştirakı ilə Şamaxı rayonu Şirvan kəndində Balabəy Niftaliyevin (1,5 ha), Kərkənç kəndində Köçəri Həsənovun (5 ha), Adınalı kəndində Sarvan Mahmudovun (1,3 ha), Məlikçobanlı kəndində Nazir Nuriyevin (4 ha), Nağı Nuriyevin (1 ha) və Nurlan Quliyevin (1,1 ha), İsmayıllı rayonu Kürdmaşı kəndi Nurlan Nağıyevin (10 ha), Quşencə kəndi Fuad Kərəmovun (3 ha), Mollaisaqlı kəndi Ayət Daşdəmirovun (0,5 ha), Mücühəftəran kəndi Fuad Ağamalıyevin üzümçülük fermer təsərrüfatlarına baxış keçirilmiş, onların ehtiyacları müəyyənləşdirilmiş, diaqnostik qiymətləndirmə aparılmışdır.
Növbəti mərhələdə DAİM nümayəndələri ilə birlikdə ehtiyacların qiymətləndirilməsinə əsasən, seçilmiş hər bir təsərrüfat üçün problemlərin səbəblərini, hədəfləri, vasitələri, ehtiyatları əks etdirən fərdi iş proqramı tərtib olunacaqdır. İş proqramı qüvvəyə mindikdən sonra onun həyata keçirilməsi proqramı DAİM mütəxəssisləri ilə birgə koordinasiya ediləcəkdir.
DAİM nümayəndələri ilə birgə sahələrə mütəmadi olaraq baxış keçiriləcək, verilən məsləhət xidmətləri nəticəsində əldə olunan irəliləyişlər izləniləcək və qiymətləndiriləcəkdir.