Xəbərlər

Üzümçülüyün oktyabr-noyabr qayğıları, torpağın payız becərmələri

15.10.2020

                                                   Üzümçülüyün oktyabr-noyabr qayğıları, torpağın payız becərmələri


Oktyabr ayı ərzində üzüm bağlarındakı işlər: Oktyabrda məhsul yığımı başa çatdırılır. Soyuduculara üzüm yığılır. Torpağı qida maddələri ilə zənginləşdirmək, qida və su rejimini yaxşılaşdırmaq üçün üzümlüyə üzvi gübrələr daşınır. Münbit torpaqlara hər hektara 3 ildən bir 30-40 ton, qeyri-münbit torpaqlara isə 50-60 ton üzvi gübrə verilməlidir. Cərgəaralarına üzvi gübrə ilə mineral gübrə qarışığı verilərək dərin payız şumu aparılmalı, cərgələrdə bitki araları isə bellənməlidir.
Üzümlüklər qışda örtülən rayonlarda məhsul yığımından sonra şaxtalar düşməmiş quru budama aparılaraq tənəklər basdırılır. Bu zonalarda olan cavan üzümlüklərdə isə quru budama tənəklərin üstü açıldıqdan sonra aparılır.
Tinglik təsərrüfatları standartlar çərçivəsində (standart tingin uzunluğu 18-20 sm, diametri 1,5 mm-dən çox olan ən azı 4-5 zoğu olmalıdır) becərilən tingləri 25; 50; 100 ədəd olmaqla qomlara bağlanılır. Hər bir qomun üzərinə etiket bağlanılır. Etiketin üzərində sortun adı, digər standartları, calaqaltının adı və miqdarı göstərilməlidir. Payızda əkiləcək və ya başqa təsərrüfatlara veriləcək tinglər müvəqqəti saxlama yerində nəm torpağa basdırılmalıdır.
Bu ayda yeni üzümlüklərin salınması işinə hazırlıq bütün ay ərzində davam etdirilir. Plantaj şumu qaldırılmış sahədə tənəyin normal inkişafını təmin etmək üçün hamarlama işi aparılır, sahələr sərnə və qurşaqlara bölünür, üzüm əkini üçün tam yararlı hala gətirilir. Yeni salınacaq üzüm sahələrinin seçilib, daş-kəsəkdən və koldan təmizlənməsi, şum altına 30-40 ton üzvi gübrə, hektara 500-600 kq fosfor, 500 kq azot və 400-450 kq kalium gübrəsi verilməklə 50-60 sm dərinlikdə plantaj şumu qaldırılır.
Torpağın payız becərmələrinin vaxtı, üsulları və əhəmiyyəti: Üzümüçülükdə aqrotexniki tədbirlər əsasən üzümün biologiyasına, aqroekologiyasına və fenoloji fazalarının inkişaf və davametmə xüsusiyyətlərinə görə aparılır. Bu xüusiyyətlər isə ilin hava şəraitindən, bölgənin torpaq-iqlim şəraitindən və s. asılı olaraq dəyişir. Ona görə də, topraq-iqlim, coğrafi xüsusiyyətlərində nəzərəçarpacaq müxtəlifliklər olan bölgələrdə aqronomik tədbirlərin həyata keçirilməsi aylar üzrə müxtəlifliyi ilə səciyyələnir. Aqronomik tədbirlər içərisində torpaq becərmələri mühüm yer tutur. Suvarılan rayonlarda torpaq payız-qış, yaz, yay becərmələrindən və cərgəaralarında torpağın dərin yumşaldılmasından ibarətdir.
Torpağın becərilməsi zamanı tənəyin qidalanması üçün əlverişli şərait yaradılır, üzüm bağlarında olan alaq otları məhv edilir, torpaqda rütubət toplanır və qorunub saxlanır, havalanma yaxşılaşır, torpaqdan karbon qazının ayrılması təmin
edilir, faydalı mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şərait yaradılır, bəzi zərərvericilər məhv edilir, mineral, üzvi və yaşıl gübrələr torpağa qarışdırılır. Bar verən üzümlüklərdə hər il becərmə aparmadan tənəyin böyümə və inkişafını normal vəziyyətdə və yüksək, sabit məhsuldarlığı təmin etmək mümkün deyildir.
Üzümlükdə torpağın becərilməsi vaxtı və üsulları işin müəyyən vaxtlarına uyğunlaşdırılmalıdır. Bununla bərabər onlar üzüm bitkisinin fazaları, eləcə də üzümlüyə qulluq üzrə digər işlərlə uzlaşdırılmalıdır. Torpağın becərilməsi məsələləri həll edilərkən üzümlüyün aqrotexniki vəziyyəti nəzərə alınmalıdır. Traktor və aqreqatların hərəkətindən və üzvi qalıqların torpaqda çatışmazlığı üzündən daimi olaraq torpaqda bərkimə gedir. Bu bərkiməni tez-tez aradan qaldırmaq mümkün olmur. Üzüm bitkisi üçün torpağın yuxarı qatının becərilməsi vacibdir. Yuxarıdakı müdafiə qatı daim yumşaq və dənəvər olmalıdır ki, rütubəti asanlıqla qəbul edib aşağı qatlara ötürə bilsin.
Üzümaltı torpaqların becərilməsində payız becərilməsi əsas yer tutur. Vegetasiyanın sonuna yaxın payızda üzümlükdə torpağın üst qatı bərkiyir və ehtiyat nəmlik tükənməyə başlayır. Bu vəziyyətdə torpaq suyu pis keçirir, çox vaxt torpağın səthi ilə su axmağa başlayır. Respublikamızın əsas üzümçülük rayonlarında payız-qış ayları çox vaxt yağmurlu keçir. Buna görə də payız-qış yağmurları torpaqda ehtiyat nəmlik toplanmasının əsas mənbəyidir. Yağış sularının torpağa hopdurulub onda nəmlik ehtiyatını yaratmaq üçün payız-qış ayları torpaq dərindən becərilməlidir.
Payızda üzüm məhsulu yığılıb qurtaran kimi torpağın becərilməsinə başlamaq lazımdır. Bunun üçün hər bir sahədə məhsul yığılıb qurtaran kimi torpağın becərilməsinə başlamaq olar. Payızda torpağın becərilməsinə nə qədər tez başlanarsa, torpağın münbitliyini artıran mikroorqanizmlərin fəaliyyəti bir o qədər səmərəli olar və payız və qış aylarında yağan bol yağışların və qar sularının çox hissəsinin torpağa hopmasına və bol nəmişlik ehtiyatının toplanmasına səbəb olar. Bu dəmyə şəraitində becərilən üzümlüklər üçün daha əhəmiyyətli bir tədbirdir.
Xüsusilə dağ yamaclarında salınmış üzümlüklərdə torpağı eroziyadan (yuyulmaqdan) qorumaq və suyun torpağa hopmasını təmin etmək üçün payız şumu vaxtında aparılmalıdır. Əsas yağışlar başlayana kimi üzümlüklərin torpağı şumlanmış olduqda isə yağış və qar suları asanlıqla torpağa hopur. Bu halda torpaq yaxsı nəmləndiyindən bitki qalıqları, üzvi gübrə, tökülən xəzəl və s. çürüməsi sürətlənir, mikroorqanizmlərin həyat fəaliyyəti artır və torpaq münbitləşir. Artıq sular da torpağın alt qatlarına toplanıb ehtiyat nəmlik əmələ gətirir.
Üzümlüklərdə torpağın payız dövrü becərilməsində cərgəaralarını 20-25 sm dərinliyində şumlamaq (altını üstə çevirmək) ən mühüm tədbirlərdən biridir. Tənəklərin dibləri də bellənərək (20-25 sm dərinliyində) torpaq çevrilir. Bu zaman
torpağın nisbətən münbit olan üst qatı alta çevrildikdə tənəklərin sorucu köklərinin əsas kütləsinə yaxınlaşır və yazda vegetasiya başlayarkən köklərin qidalı maddələri bol-bol qəbul etməsinə imkan verir. Buna görə də tənəklər yaxşı inkişaf edirlər. Hazırda üzümlüklərin şumlanması və tənəklərin cərgələri altında qalan zolaqların torpaqlarını becərmək üçün bütün relyeflərdə işləyə bilən traktorlar geniş istifadə edilir. Ümumiyyətlə, payız şumunun dərinliyi 22-25 sm, quraqlıq rayonlarda isə 25-28 sm, bitki aralarının dibinin bellənmə dərinliyi isə 20-22 sm olmalıdır.
Şumlama zamanı yerin üst təbəqəsinə çıxan nisbətən az münbit alt təbəqə də, mövsüm ərzində havanın, günəşin, nəmişliyin təsirindən və mikroorqanizmlərin daha fəal iştirakı nəticəsində münbitləşir. Bu zaman həmin təbəqə torpağın gübrələnməsi və alaq qalıqlarının çürüməsi nəticəsində qiymətli qidalarla da zənginləşir. Həmin təbəqə bir mövsüm üstdə qalıb münbitləşdikdən sonra, gələn payız şumlanma zamanı yenə alt təbəqəyə, yəni köklərin əsas qidalandıqları zonaya qayıdır.
Şumlanma zamanı qışlamaqda olan həşaratların (cücülərin) yuvaları da dağılır, onların süfrələri, pupları torpağın səthinə çıxarılaraq, burada onların çoxu qışda qarın və şaxtanın təsirindən tələf olur. Payız şumu faraş aparıldıqda mərmər böcək süfrələri hələ dərin qatlara getmədiklərindən, onların çox hissəsi kotan və ya bel vasitəsi ilə yerin səthinə çıxarılır. Payız dövrü belləmə və ya şumlama zamanı əmələ gələn kəltənləri əzməyə ehtiyac yoxdur. Qışda bu kəltənlər parçalanır və torpağın üst qatı dənəvərləşir. Bu cür dənəvər strukturlu qatın əmələ gəlməsi isə çox əlverişlidir. Belə torpağa havanın keçməsi asanlaşır və bu cür dənəvər səth torpaqdan suyun buxarlanmasına, axıb kənara getməsinə mane olur.
Üzümlüklərdə torpağın payız şumu Azərbaycanın bütün rayonlarında oktyabr və noyabr aylarında başa çatdırılmalıdır. Ümumiyyətlə, payız şumu ən geci dekabr ayının ortalarına qədər yekunlaşdırılmalıdır. Hazırda adətən enlicərgəli (2,5 m; 3 m; 3,5 m və s.) üzüm bağları salınır. Bu tip üzümlüklərlə torpağın şumlanması üçün texnikalardan geniş istifadə etmək mümkün olduğundan, şumlanmanı oktyabr-noyabr aylarında başa çatdırmaq çətin deyildir.
Payız şumu dövründə üzümlükdə əsas gübrələmə işləri də aparılır. Peyinin, fosforlu və kaliumlu gübrələrin bağa mütləq payızda (erkən) verilməsi təmin edilməlidir. Belə olduqda torpağa verilən fosfor və kaliumlu gübrələr, peyin və ya kompost yazda tənəklərin vegetasiya dövrü başlayana qədər mənimsənilə bilən şəkilə keçir və suların köməyi ilə torpağın dərin qatlarında toplanır.
Gübrələrin torpağa verilmə miqdarını düzgün təyin etmək üçün torpağın kimyəvi və fiziki tərkibini, aqrokimya xüsusiyyətlərini və laboratoriyalarda torpağın analizinin nəticəsini rəhbər tutmaq lazımdır. Odur ki, təsərrüfatlar mütəmadi olaraq öz üzümlüklərinin torpaqlarının tərkibini analiz etdirib, onun tərkibi haqqında informasiya əldə etməlidirlər. Analizlərin nəticələrinə əsasən
aqrokimya xəritələri düzəldilməlidir. Belə xəritələrdə hər konkret sahəyə veriləcək gübrələrin növləri və miqdarı təyin edilməlidir.
Payızda havalar quraq keçərsə və torpaq qurudursa yarpaqlar töküləndən sonra üzümlüklərin suvarılması məsləhət görülür. Xüsusilə qış dövründə üzümlüyə dondurma suyu verilməsi çox faydalıdır: dondurma suyu verildikdə isə torpaqda nəmişlik ehtiyatı yaradılır və torpaqda qışlayan zərərli cücülərin bir qismi tələf edilir. Dəmyə üzümlüklərdə tənəklərin cərgələrində mümkün qədər çox qar toplanması məqsədəuyğundur. Eyni zamanda sel sularını üzümlüklərə axıtmaqla onların torpağa hopmasına çalışmaq lazımdır.
Dağ yamaclarında torpağın becərilməsinə erkən başlanmalıdır ki, orada tez başlayan yağış sularından səmərəli istifadə olunsun. Torpağın payız-qış becərilməsi üzümlükdə cərgə aralarının şumlanmasından, cərgələrdə isə bitki aralarının becərilməsindən ibarət olmaqla əsas məqsəd yay ərzində bərkimiş müdafiə təbəqəsini yumşaltmaqdan və kübrələri torpağa basdırmaqdan ibarətdir. Torpağın payız şumlanması onun münbitliyini artıran ən vacib işlərdən biridir. Yay ərzində cərgəaraları ilə traktor və aqreqatların çoxsaylı gedişi nəticəsində bərkimiş və strukturunu itirmiş üst qat çevrilməlidir. Torpaq çevrilməklə alt strukturlu hissə üstə çevrilir, bu isə rütubətin toplanmasını və saxlanmasını, torpağa havanın keçməsini yaxşılaşdırır. Bu baxımdan torpağın payız becərilməsi gələn il yüksək məhsul alınmasını təmin edir. Vegetasiya dövrü ərzində üzümlük torpağında əmələ gələn alaq otları vaxtında məhv edilir. Ancaq məhsul yetişməyə başlayıb yığılıb qurtarana qədər müəyyən miqdar alaq otları və yaxud onların cücərtiləri payız şumu ilə çevrilir. Payız şumunu müsbət tərəflərindən biri də yaşıl gübrənin torpağa qarışdırmasıdır.
Üzümlükdə, xüsusilə dəmyə üzümlükdə aparılan şumun arxasınca malalama aparmaq məsləhət görülmür. Şumun kələkötür olması yağış suyunu yaxşı hopdurur. Hamar şumda isə yağış suyu tezliklə şumun səthində sel əmələ gətirir, torpağın münbit qatı yuyulur, eroziya baş verir.
Son dövrlərdə üzümülüklərdə torpaq becərmələrinə yanaşmanın dəyişməsi müşahidə edilir və üzümçülükdə torpağın becərilməsinə yönəldilmiş tədbirlərin ixtisara salınması və komplektləşdirilməsi istiqamətində dünyada və ölkəmizdə tədqiqat işləri həyata keçirilir. Bu həm istehsal olunan məhsulun ekoloji təmizlik, fitosanitar vəziyyəti, keyfiyyəti və texnikaya çəkilən xərclərin azaldılması ilə bağlıdır. Bundan başqa, respublikamıza dünya üzümçülüyündən inteqrasiya olunmuş innovativ texnologiyaların, üzümçülüyün becərilmə sistemində və şəraitindəki müxtəliflik, üzümçülüyün ixtisaslaşma istiqaməti, o cümlədən məhsulun texnoloji istifadə istiqamətindən asılı olaraq torpaq becərmələrinə yanaşmalar müxtəlifdir.
Üzümlükdə torpağın becərilməsi müddətləri ümumi aqrotexniki tədbirlərlə meteoroloji şəraitlə və torpağın nəmliyi ilə əlaqələndirilməlidir. Plantajların təzələnməsi, torpağın dərin yumşaldılması, gübrələrin verilməsi və s. kimi işləri birləşdirmək mümkündür. Cərgə aralarında becərmələrin sayını azaltmaq məqsədi ilə üzümlüyə sideratlar və yaxud herbisidlər verilə bilər.
Son dövrlərdə dəmyə şəraitində meyilli yamaclarda salınan üzümlüklərdə bitki araları becərilsə də, cərgəaraları becərilmir. Bu zaman əmələ gələn alaq otları bir neçə dəfə aqreqatlarla biçilərək cərgəaralarına səpilir. Bu isə özlüyündə torpağı xeyli münbitləşdirir. Bu becərmənin üstün cəhətlərindən biri də torpaq yuyulmalarının qarşısının alınmasıdır.
Məhsul uzun müddət tənək üzərində saxlanılan təsərrüfatlarda da torpaq becərmələrini dekabr ayının axırlarına qədər təxirə salmaq olar.