Xəbərlər

Heyvandarlıq təsərrüfatlarına müalicə və profilaktik tədbirlər haqqında təklif və tövsiyələr verilibdir

15.10.2020

Baytarlıq Elmi-Tədqiqat İnstitutunun Parazitologiya şöbəsinin əməkdaşları təsərrüfatlarda baş vermiş xəstəliklərə qarşı antiparazitar preparatların tətbiq işlərinin nəticələrinə dair geniş təsərrüfat sınağı aparmış, tövsiyələr hazırlamış, müxtəlif rayonlardan gətirilmiş xəstə heyvanların patoloji materiallarını müayinədən keçirərək xəstəliklərin diaqnozunu təyin ediblər.
Astara, Şabran və Qusar rayonlarının heyvandarlıq təsərrüfatlarından xəstə və tələf olmuş heyvanlardan götürülmüş patoloji materialların laborator diaqnostikası aparılıb, müalicə və profilaktik tədbirlər haqqında təklif və tövsiyələr verilibdir.
Eyni zamanda, Astara rayonu Maşxan kənd sakininə məxsus qoyunçuluq təsərrüfatından tələf olmuş qoyunun daxili orqanları və Qusar rayonu Xuray kəndi sakininə məxsus heyvandarlıq təsərrüfatından 10 baş keçidən götürülmüş kal nümunəsi və onların üzərindən toplanmış ektoparazitlər müayinə üçün laboratoriyaya gətirilibdir.
Cəlilabad rayonunda ətlik üçün saxlanılmış mütəmadi qızdırması olan heyvanın qan nümunəsi laboratoriyaya gətirilməsi təmin edilib və qan nümunələrinin laborator müayinəsi zamanı heyvanda anaplazmoz xəstəliyinin (Anaplasma marginale) olduğu aşkar edilibdir. Belə ki, nümunələrin mikroskopiyası zamanı eritrositlərdə tək-tək anaplazma törədiciləri müşahidə edilib və təsərrüfat sahibinə səmərəli müalicə sxemi tövsiyə olunubdur.