Xəbərlər

Xaçmaz rayonunda yeni sortların nümayiş əkini həyata keçirilib

18.11.2020

Əkinçilik ET İnstitutunun rəhbərliyi və nümayəndələri  tərəfindən Xaçmaz rayonunun Hacılar kəndində fermer Habil Məmmədova məxsus olan əkin sahəsində yeni  yumşaq buğdanın 9, bərk buğdanın 3, arpanın 2 sortunun nümayiş əkini həyata kecirilib. İnstitutun direktoru Faiq Xudayev iştirakçısı olduğu nümayiş əkinlər haqqında fikir bildirərək diqqətə çatdırıb ki, məqsədimiz respublikada yeni taxıl sortlarının fermerlərə tanıdılmasından ibarətdir. Taxılçılıqda məhsuldarlığın yüksəldilməsi əkin sahələrinin genişləndirilməsi hesabına deyil, məhz yüksək keyfiyyətli və məhsuldar sortların yaradılıb, onların istehsalata tətbiq edilməsindən ibarətdir. Dünyada ekoloji tarazlığın pozulması digər sahələrlə yanaşı kənd təsərrüfatına da mənfi təsirini göstərməkdədir. Qlobal problemlərin qarşısını müəyyən qədər almaq ücün yeni yüksək keyfiyyətli və məhsuldar sortların yaradılaraq istehsalata tətbiqini elmi tədqiqat institutu olaraq bir proqram kimi görürük. Bu baxımdan yeni yüksək keyfiyyətli və məhsuldar sortların yaradılması və respublikanın müxtəlif bölgələrində bu sortların fermerlərə tanıdılması üçün respublikanın hər bir bölgəsindən seçilmiş əkin sahələrində nümayiş əkinləri həyata keçiririk. Yeni sortların fermerlərə tanıdılması üçün seminarlar, təlimlər təşkil edəcəyik. Mart-may aylarında bölgə fermerləri nümayiş əkin sahələrinə dəvət ediləcək ki, onlar da nümayiş əkinlərindən sort seçimi edərək öz əkin sahələrində tətbiq edəcəklər. Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin respublikada apardığı məqsədyönlü siyasəti bundan ibarətdir ki, toxuma olan tələbat daxili imkanlar hesabına ödənilsin, xaricdən asılılıq aradan qaldırılsın. Ümidvaram ki, yaxın gələcəkdə əlverişli sortların seçilib bölgələr üçün rayonlaşdırılması və fermerlər üçün əkin sahələrində geniş tətbiq olunması reallaşacaqdlr.