Xəbərlər

Avropa və Asiyada Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərə dair Regional Dialoq tədbir keçirilmişdir

08.07.2019

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa Ofisinin maliyyə dəstəyi və təşkilatçılığı ilə 2-3 iyul 2019-cu il tarixlərində Gürcüstanın Batumi şəhərində “Avropa və Asiyada Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərə dair Regional Dialoq” mövzusunda regional tədbir keçirilmişdir. Tədbirdə Azərbaycanı, Aqrar Elm və İnnovasiya Mərkəzinin Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin əməkdaşı Yaqub Quliyev, FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin əməkdaşı Natəvan Aslanova və “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxsin əməkdaşı Pərviz Əliyev təmsil etmişlər.
Gürcüstanın Ətraf Mühitin Müdafiəsi və Kənd Təsərrüfatı Nazirinin müavini xanım Khatia Tsilosani tədbirin açılışında giriş sözü ilə çıxış edərək kənd təsərrüfatında ənənəvi metodların, əkinçilik mədəniyyətinin əhəmiyyətindən, ərzaq və kənd təsərrüfatı üçün biomüxtəlifliyin və genetik resursların qorunmasında ənənəvi sistemlərin rolundan danışmış və tədbirin işinə uğurlar arzulamışdır.
Açılış çıxışından sonra, FAO-nun əməkdaşları xanım Tania Santivantez, xanım Celila Puzzo təqdimatlarla çıxış edərək FAO GİAHS proqramı barədə ətraflı məlumat vermiş, proqramın icrası ilə bağlı müxtəlif məsələlərə toxunmuşlar.
Tədbirdə İtaliyanı, İspaniyanı, Monteneqronu, Bosniya və Hersoqovinanı, Gürcüstanı, Tacikistanı və Qazaxıstanı təmsil edən nümayəndələr ölkələrində potensial GİAHS (qlobal əhəmiyyətli kənd təsərrüfatı irsi sistemi) yerləri mövzusunda təqdimatla çıxış etdilər. Azərbaycanda potensial GİAHS yerləri barədə təqdimatla Aqrar Elm və İnnovasiya Mərkəzinin əməkdaşı Yaqub Quliyev çıxış etmişdir. Məruzəçi çıxışında Azərbaycanda qlobal əhəmiyyətə malik ənənəvi irsi sistemlərin müəyyən edilməsi istiqamətində atılan ilk addımlardan, FAO-nun 2014-cü ildə Türkiyədə və Azərbaycanda həyata keçirdiyi Azərbaycan və Türkiyədə Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemlərinin müəyyən edilməsi, Qiymətləndirilməsi və İdarə edilməsi layihəsi çərçivəsində görülən işlərdən bəhs edən təqdimatla çıxış etmişdir. Həmin layihə çərçivəsində Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən ənənəvi irsi sistem kimi əhəmiyyət daşıyan yerlərə baxışın keçirilməsi, GİAHS tələbatlarına cavab verən yerlərin müəyən edilməsində istifadə olunan meyarlar və seçilmiş hər bir yerin xarakterik xüsusiyyətləri barədə geniş məlumat verilmişdir.
İştirakçıların diqqətinə çatdırılmışdır ki, yerlərin seçilməsi GİAHS tələblərinə cavab verən 5 meyara, (i) qida və yaşamaq təhlükəsizliyi, sağlamlıq və qidalanma, (ii) biomüxtəliflik və genetik zənginlik, (iii) yerli bilik sisteməri və uyğunlaşmış texnologiya, (iv) kənd təsərrüfatının mədəni müxtəlifliyi, o cümlədən məhsul və xidmətlərin müxtəlifliyi və (v) landşaft müxtəlifliyi və estetik dəyərə əsaslanmışdır. Vurğulanmışdır ki, kənd yerlərində yaşayan insanların toplanmış təcrübəsini ifadə edən belə yerlər əsrlər boyu qarşılıqlı mədəni və bioloji təsirlər və birgə fəaliyyət nəticəsində insanın təbiətlə təkamül prosesi vasitəsi ilə yaranmışdır.
Tədbirin ikinci günü məruzələr ətrafında müzakirələr və sual-cavablarla davam etdirilmişdir. Tədbirin sonunda iştirakçı ölkələrdə CİAHS yerlərinin müəyyən edilməsi və idarə edilməsi üçün tövsiyələr verilmişdir.