Xəbərlər

Çovdar insan sağlamlığı üçün strateji ərzaq taxıl bitkisidir

23.12.2020

Müasir kənd təsərrüfatı istehsalı qarşısında duran başlıca problemlərdən biri də davamlı olaraq taxıl istehsalının artırılmasına və onun keyfiyyətinin yüksəldilməsinə nail olmaqdır.Bu problemin həlli isə ölkə əhalisini etibarlı şəkildə ərzaq məhsullarına olan tələbatının tam ödənilməsinə imkan verəcəkdir.Bu baxımdan ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca strateji ərzaq taxıl bitkilərindən biri də çovdardır.Çovdar taxıllar fəsiləsinin sekale (Secale L.) cinsinə aiddir. Çovdar cinsi 14 növü əhatə edir. Ancaq mədəni formada yalnız bir növü – səpin çovdarı (Secale cereale L.) məlumdur.Vətəni Türkiyə Respublikasının Anadolu ərazisi hesab olunan çovdarın bioloji yazlıq və payızlıq formaları vardır.İnsanlar iki min ildən artıqdır ki, çovdardan istifadə etməyə başlamışlar.Çovdar buğda, arpa və vələmirdən sonra mədəniləşmiş bitki hesab olunur.Hələ ilk vaxtlar insanlar ona alaq bitkisi kimi baxırdı.Lakin sonradan qədim əkinçilər çovdarın əhəmiyyətini və xüsusən də dad keyfiyyətini nəzərə alaraq onu ərzaq bitkisi kimi əkməyə başlamışlar. Çovdar becərmə şəraitinə, torpağın münbitliyinə az tələbkardır.Onun güclü kök sistemi torpağın 1.5-2,0 m dərinliklərinə paylanmaqla fosfor və kaliumun çətin həll olan birləşmələrini mənimsəyə bilir.Torpağın turşuluğuna az həssasdır. Şoran və ağırgillicəli torpaqlarda zəif bitir, əsasən orta yüngül mexaniki tərkibə malik qaratorpaq,boz meşə və digər əksər torpaq tiplərində becərilir.Çovdar digər payızlıq dənli bitkilərə nisbətən soyuğa və şaxtaya davamlılığı ilə fərqlənir.Hətta qar örtüyü olmadıqda belə, ¬-300C-yə qədər şaxtaya davamlıdır.Payızlıq çovdar müxtəlif iqlim və torpaq şəraitlərində orta hesabla hektara 25-30 sentner dən məhsulu verir.İntensiv tipli sortlardan hektara 40-50 sentner dən məhsulu götürmək mümkündür.Bu gün inkişaf etmiş ölkələrin əksəriyyətində səpin materialı kimi yüksək məhsuldarlıqlı hibrid çovdarın toxumlarından istifadə edilir.İntensiv tipli olan hibrid çovdarın potensial məhsuldarlığı hektara 150-170 sentner təşkil edir.
Çox təəssüflər olsun ki,dünyanın əksər ölkələrində çovdarın əkin sahəsi kəskin surətdə azalmağa doğru meyl edir.Son otuz ildə dünyada çovdarın ümumi əkin sahəsi 70% -dən çox azalmışdır.Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə çovdarın əkin sahəsi 1986-cı ildə 15,4 mln hektar olduğu halda hazırda onun sahəsi azalaraq 4,4 mln hektar təşkil edir. Məsələn,Rusiyada 1990-cı ildən başlayaraq çovdarın əkin sahəsi 5 dəfəyədək azalmışdır.Bu da ərzaqlıq çovdarın qiymətinin buğdaya nisbətən qeyri-qənaətbəxş olması və emal müəssisələrinin sayının kifayət qədər olmaması ilə əlaqədardır.Bu dövr ərzində dünyada çovdarın ümumi məhsul istehsalı 30 mln tondan 13 mln tona qədər azalmışdır.Bununla belə,çovdarın dünya üzrə orta məhsuldarlıq göstəricisi artaraq 9,4 s/ha-dan 29,5 s/ha-ya çatmışdır.Çovdarın ümumi məhsul istehsalı 2018-ci ildə 12,3 mln ton təşkil etmişdir.Ən çox çovdar istehsal edən ölkələr siyahısına Avropa Birliyi ölkələri (6,26 mln.ton),Almaniya (2,2 mln.ton), Polşa (2,17 mln.ton), Rusiya (1,96 mln.ton), Çin (1,04 mln.ton) başçılıq edir.Çovdar Şimali və Şərqi Avropa ölkələrində nisbətən geniş əkilir.Ümumiyyətlə, qlobal səviyyədə götürsək ,dünyada çovdardan əldə olunan ümumi məhsul istehsalı az olub buğda və çəltik istehsalının cəmi 5%-ni təşkil edir.Dünyada çovdarı daha çox idxal və istehlak edən ölkə Yaponiyadır
Bu gün ölkədə çovdarın əkin sahəsinin genişləndirilməsi önəmli bir məsələ kimi kənd təsərrüfatının qarşısında durmalıdır. Çünki əhalinin bir hissəsi artıq çəkidən, digərləri isə şəkərli - diabet və s. xəstəliklərdən əziyyət çəkir. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına istinad etsək görərik ki, 2018-ci ildə müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan şəkərli-diabetli xəstələrin sayı ölkəmizdə 255470 nəfər təşkil edir.Bu gün respublikada hər 100 min nəfərə 2590,6 nəfər şəkərli-diabetli xəstələr düşür.Ona görə də qidalılıq dəyəri yüksək olan, lakin az enerjiyə malik çovdar bitkisinin emal məhsullarına olan tələbat durmadan artmaqdadır.Çovdarın Azərbaycanda ümumi əkin sahəsi 2019-cu ildə cəmi 249 hektar təşkil etmişdir.Çovdar əsasən ölkənin Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarını təmsil edən Goranboy (10 ha), Lerik (113 ha) və Yardımlıda (126 ha) əkilir.Əvvəlki illərdə çovdar respublikanın Dağlıq-Şirvan iqtisadi rayonunda da geniş əkilirdi.Bununla belə, 2015-ci illə müqayisədə çovdarın ümumi əkin sahəsi dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına göstərdiyi dəstəyin müqabilində 22,6 dəfə artaraq 11 hektardan 249 hektara çatdırılmışdır.Çovdarın ümumi məhsul istehsalı 2019-cu təsərrüfat ilində 542,3 ton,orta məhsuldarlıq göstəricisi hektara 21,8 sentner təşkil etmişdir .Lakin istehsal olunan bu qədər məhsul ölkənin ümumi ehtiyaclarının çox cüzi bir hissəsini (1,2%) ödəyir.Əksər Avropa ölkələrində çovdardan hazırlanan çörəyin qiyməti buğdadan hazırlanan çörəyin qiymətinə yaxın və ya ona bərabərdir.Bununla belə,çovdar unundan hazırlanan çörəyin istehsalı və istehlakı da 2 dəfə azalmışdır.Çox təəssüflər olsun ki,bu gün dünya əhalisi öz gündəlik qida rasionunda narın üyüdülmüş,tərkibinə müxtəlif qatqılar əlavə olunmuş yumşaq buğda unundan hazırlanmış “ölü” çörəyə daha çox üstünlük verməkdədirlər.Nəticədə dünya əhalisi getdikcə daha çox piylənməyə məruz qalırlar.Bu gün əksər ölkələrdə əhalinin 5 nəfərdən biri artıq çəkidən əziyyət çəkir.Hətta son iyirmi ildə uşaqlar arasında da piylənmə artmaqdadır.Qan-damar,onkoloji,şəkərli-diabet xəstəliklərindən əziyyət çəkən insanlar kifayət qədər sellüloza, B və E qrupu vitaminlərlə təmin oluna bilmirlər.Beləki,sellüloza qanda qlükozanın,xolesterinin miqdarını nizamlayır və ikinci tip şəkərli-diabetli xəstəliyin inkişafını əngəlləyir.Bütün bunlar qaba üyüdülmüş çovdar unundan hazırlanmış çörəkdə daha çoxdur.Halbuki,çovdar çörəyindən gündəlik istifadə insanların, xüsusən də gənc nəslin sağlamlığında meydana çıxacaq problemlərin vaxtında aradan qaldırılımasında müstəsna rol oynaya bilər.Bu baxımdam Qərbi Avropa ölkələrində çovdar çörəyinə xüsusi önəm verilir.
Beynəlxalq çovdar ilinin təşviqi məqsədilə BMT-nin 2016-2025-ci illəri əhatə edəcək fəaliyyəti ilə bağlı Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının 19-21 noyabr 2014-cü il tarixdə Romada keçirdiyi və 2200 iştirakçının, o cümlədən 170 hökumət,150 vətəndaş cəmiyyəti nümayəndələrinin qatıldığı İkinci Beynəlxalq Qida Konfransında bu bitkinin insan sağlamlığındakı rolu, davamlı qida sistemində geniş tətbiq olunmasının əhəmiyyəti xüsusi vurğulanmışdır. FAO-nun təşkilatçılığı ilə 22-29 iyun 2019-cu il tarixdə Romada keçirilən 41-ci sessiyada Estoniyanın təklifi ilə 2025-ci il “Beynəlxalq çovdar ili” elan edilmişdir.Beynəlxalq çovdar ili dünyada çovdarın ümumi əkin sahəsinin,məhsul istehsalının artırılmasında,insan sağlamlığında, milyonlarla ailə - kəndli fermerlərinin həyat səviyyəsinin yüksəldilməsində,kənd təsərrüfatında innovativ texnologiyaların tətbiq edilməsində müstəsna rol oynayacaqdır. Çovdarın əlverişsiz mühitlərə uyğunlaşma imkanlarından buğdanın yaxşılaşdırılması üzrə seleksiya proqramlarında geniş istifadə edilməlidir.Beləki,çovdar sintez olunaraq yaradılan tritikale bitkisinin əsas tərkib hissəsini təşkil edir.Odur ki,ekoloji, qida və iqtisadi üstünlükləri olan çovdardan insanların ərzağa olan tələbatının diversifikasiyasında istifadə olunması tövsiyə edilmişdir.Təsadüfi deyildir ki,YUNESKO çovdar çörəyini dünyanın mədəni irs siyahısına daxil etmişdir.Finlyandiyada ölkə əhalisinin sağlamlığına hədəflənmiş xüsusi “Çovdar” Dövlət Proqramı həyata keçirilir.
Çovdar unundan çörəkbişirmədə təkrarolunmaz dada malik çörək və digər məhsulların hazırlanmada geniş istifadə olunur. Ondan hazırlanan məhsullarda buğdadan fərqli olaraq qlüteninin miqdarı az olur.Çovdar ununu buğda unu ilə qarışdırmaqla bazarın və istehlakçının tələbinə uyğun olaraq müxtəlif çeşidli çörəklər hazırlamaq mümkündür.Çörək istehlakının qlobal səviyyədə azalmasına baxmayaraq, çovdardan hazırlanmış çörək son iyirmi ildə bir çox Şimali,Mərkəzi və Şərqi Avropa ölkələrində pəhrizin fundamental elementi hesab olunur.Çovdardan hazırlanan çörək tünd,nisbətən bərk və olduqca ətirli olur.Elm sübut edir ki,çovdar unundan hazırlanan çörək buğda ilə müqayisədə daha faydalıdır.Düzdür,çovdarda zülalın miqdarı buğdaya nisbətən azdır.Çovdarın dənində zülallı maddələrin ümumu miqdarı becərildiyi torpaq-iqlim şəraitindən asılı olaraq 7-8%-dən 15-16% arasında dəyişir. Lakin bu zülallar bioloji cəhətdən daha qiymətlidir. Beləki,çovdar dənində zülal həyat əhəmiyyətli əvəz edilməyən lizin, arginin,treonin, meteonin, valin və sistidin kimi amin turşuları ilə daha zəngindir.Bunlar da öz növbəsində toxumaların bərpası və böyüməsində, eyni zamanda antitel və hormonların artmasında mühüm rol oynayır. Çovdarın dəni, kəpəyi və yaşıl gövdəsi müalicə üçün geniş istifadə edilir. Çovdar orqanizmin xəstəliyə qarşı mübarizəsinə kömək göstərməklə, bəlğəm əmələ gətirmək xüsusiyyətinə malikdir. Şəkərli - diabet xəstəliyində pəhriz məhsulu kimi istifadə olunur. Müəyyən mənada çovdar dərman bitkisidir.Xalq təbabətində onun kəpəyindən ishala və qəbzliyə qarşı istifadə edilir.Çovdarın tərkibində bioloji aktiv maddələr-B1, B2, B3, PP, E və digər vitaminlər var.Buğdaya nisbətən çovdarda B2 və E vitaminlərinin miqdarı daha yüksəkdir.Bununla belə,ölkəmizdə fermerlər tərəfindən çovdarın becərilməsinə o qədər də önəm verilmir.Bu da istehsal olunan məhsulun qiymətinin aşağı olması ,satışındakı problemlərlə, emal müəssisələrinin kifayət qədər olmaması ilə əlaqədardır.Halbuki, çovdar çörəyinə əhalinin ehtiyacı böyükdür. Çovdar respublikaya əsasən kənardan idxal olunur.Bu səbəbdən də çovdar çörəyinin qiymətinin baha olması onun hamı tərəfindən istehlakına imkan vermir. Çovdar çörəyi adı altında satılan çörəklərin keyfiyyəti isə çox zaman qənaətbəxş olm Artıq hamıya məlumdur ki, gündəlik qida rasionuna daxil olan ağ undan bişirilən çörəklərin tərkibi əsasən qlüten və nişastadan ibarət olur.Belə çörəklər hazırlanarkən xəmir süni mayalarla qıcqırdılır, bu da insan orqanizmində müəyyən fəsadlar törədir. Hətta bir çox insanlarda qlütenə qarşı allergiya olduğundan buğda məhsulları ilə qidalanmadan məhrumdurlar. Əslində isə insanlar hələ qədimlərdən arpa, çovdar unundan hazırlanan çörəklərə daha çox üstünlük verirdilər.Məqsədimiz bir taxılçı kimi buğdanın rolunu azaltmaq deyil, ondan istifadə texnologiyasındadır. Belə ki, istər çovdar,istərsə də digər taxıl bitkiləri buğda kimi zülal, amin turşuları, mikroelementlər, dəmir, sink və s. dəyərli maddələrlə zəngin deyildir.Deyə bilərsiniz ki, əsrlərlər boyu insanlar buğda çörəyindən istifadə etmişlər, nə üçün onlara buğda çörəyi pis təsir etməyib?Bildiririk ki,dənin üyüdülmə və çörəyin bişirilmə texnologiyası təkmilləşdikcə buğdanın qabığı tam çıxarılır,nəticədə dən kəpəkdən tam ayrılır. Belə undan hazırlanan ağ çörək gündəlik qida rasionumuza daxil olur. Görünüşcə xoş görünən, iştah artıran ağ çörəyə meyillilik artmış və artıq əhalinin bütün təbəqələri ondan istifadə etməyə başlamışlar.Əvvəllər kəndlərdə su və yel dəyirmanlarından istifadə edilirdi və un kəpəkli olduğundan rəngi tünd olurdu.Ancaq ondan hazırlanan çörək həm dadlı, həm də ətirli olurdu.Belə çörəklər hazırlanan zaman xəmirin qıcqırmasında adətən təbii mayalardan istifadə edilirdi və bu səbəbdən də onlar uzun müddət xarab olmurdu. Hər evin öz mayası olurdu və onu başqasına verməzdilər.Hal-hazırda isə çörək yalnız nişasta və zülala malik undan və süni maya ilə hazırlanan qıcqırmış xəmirdən ibarət olub yüksək temperaturada bişirilir. Hər üç amil orqanizmə ziyan vurur. Kəpəkli çörəkdə zülal və nişastanın miqdarı ağ çörəkdəki kimi çox olmur və kəpəyin tərkibində insan sağlamlığı üçün faydalı olan bütün qida maddələri qalır. Təsdiqlənmişdir ki,emal zamanı təbii vitaminlərdən məhrum olan una sonradan vitaminlər əlavə etdikdə belə, ilkin keyfiyyəti bərpa etmək mümkün olmur. Bu gün insanlar artıq bunu başa düşür və sevindirici haldır ki, rayon və kəndlərimizdə dənin köhə üsullarla üyüdülməsi ənənələri hələ də qalmaqdadır və əksər ailələr evdə çörək bişirməyə daha çox üstünlük verirlər.
Çovdardan əsasən dən məhsulunun istehsalı üçün istifadə olunur.Məhsul istehsalı sistemini diversifikasiya etmək məqsədilə ondan torpağın külək eroziyasına məruz qalmasının qarşısını almaq üçün otlaq bitkisi kimi, həmçinin heyvandarlıqda yem məqsədilə də istifadə etmək olar.Çovdarın dən məhsulu digər yem bitkilərilə müqayisədə nisbətən aşağı yem dəyərliliyinə malik olmasına baxmayaraq otlaq bitkisi kimi heyvanların yemləndirilməsində daha əlverişlidir.Dənindən qarışıq yemlərin,vegetativ kütləsindən silos hazırlanmasında, yaşıl yem kimi,bəzi inkişaf etmiş ölkələrdə isə samanından enerji alınmasında, eləcə də mal-qara üçün yataq kimi də istifadə olunur. Çovdar unundan və yarmasından iri buynuzlu mal-qaranın, donuzların yemləndirilməsində də istifadə olunur. Çovdarın unu və yarması qüvvətli yem hesab olunur.Çovdarın yem kimi başlıca üstünlüyü payızlıq buğda və tritikale ilə müqayisədə onun 7-10 gün tez yetişməsi və davamlı olaraq optimal məhsul verməsidir.Şərqi Avropada, ABŞ, Kanada və bir çox ölkələrdə çovdardan nişasta, sellüloza, bioloji aktiv maddələr,həmçinin kvas, pivə, cin, araq, viski və sair sərinləşdirici və spirtli içkilərin hazırlanmasında istifadə olunur. Çovdardan alınan sərinləşdiricici içkilər insanlarda maddələr mübadiləsinin tənzimlənməsinə, həzmin normallaşmasına və qan - damar sisteminin yaxşılaşmasına kömək edir.
Çovdar digər dənli bitkilərlə müqayisədə qışı sərt keçən yüksək dağlıq və dağətəyi,yarım-quraq bölgələrdə belə əkilir.Hətta münbitliyi az olan kasıb torpaqlarda belə,çovdardan məhsul almaq mümkündür.O, gübrə və pestisidlərə az tələbkarlığı ilə fərqlənir,alaqtəmizləyici xüsusiyyətə malikdir.Çovdar konkret regionlarda ekoloji və iqtisadi baxımdan əlverişli bitki hesab olunur.Torpağın üzvi maddəyə olan tələbatının ödənilməsi üçün mulça kimi də istifadə olunur.
Yüksək və keyfiyyətli məhsul istesal etmək üçün ilk növbədə sortun aqrotexnikasına vaxtında və düzgün əməl olunması tələb olunur.Belə olan təqdirdə əkində kütləvi cücərtilər vaxtında alınır,bitkilərin kök sistemi yaxşı inkişaf edir,yaxşı kollanır,ehtiyat qida maddələri daha çox toplanır,bitkilərin mühitin qeyri-əlverişli amillərinə qarşı davamlılığı artır.Payızda çovdar səpiləcək sahələrdə sələf bitkisinin qalıqları xırdalanır və alaq otlarının cücərməsinə şərait yaratmaqdan ötrü torpaq 10-12 sm dərinlikdə üzlənir.Sələfləri paxlalı-vələmirin qarışıq əkinləri,faraş kartof, silosluq qarğıdalı,noxud,payızlıq buğdadır.Çovdarın çoxillik paxlalılardan sonra əkilməsi məqsədəmüvafiq deyil.Bu halda torpaq azotla daha çox təmin olunduğundan çovdarın sahədə yatmasına səbəb ola bilər. Səpindən qabaq fiziki çəkidə hektara 350-400 kq superfosfat, 100-120 kq kalium gübrəsi verilərək sahə 25-30 sm dərinlikdə şumlanır.Ümumiyyətlə, bir sentner məhsul almaq üçün torpağa 3,0-3,5 kq azot, 1,1 -1,4 kq fosfor, 2,5-3,0 kq kalium tələb olunur. Məhsuldarlığı qara herikdə yüksəlir, ondan nəmliklə təmin olunmuş dəmyə torpaqlarda sederat kimi istifafə etmək olur.
Səpinin oktyabr ayının II-III ongünlüklərində aparılması tövsiyə olunur. İqlim şəraiti ilə əlaqədar olaraq səpin vaxtı dəyişə bilər.Hektara səpin norması suvarmada 160-180 kq və ya 4,5-5,0 mln ədəd, dəmyədə 150-165 kq və ya 4,0-4,5 mln ədəd cücərən dən hesab olunur.Hibrid çovdar üçün səpin norması hektara 70-80 kq və ya 2,0-2,3 mln ədəd cücərə dən təşkil edir.Səpin normasının belə az olması onların yüksək kollanma əmsalı ilə əlaqədardır.Hətta bir bitkidə 25-30 ədəd məhsuldar gövdə ola bilir.Səpin kombinə edilmiş ixtisaslaşmış toxumsəpən maşınlarla aparılır.Bu maşınlarla toxumla eyni vaxtda mineral gübrələri də səpmək olur. Toxum torpağın 4-5 sm dərinliyinə səpilir və səpsuvar aparılır.Hektara suvarma norması 500-600 m3 təşkil edir. Dəmyə bölgələrdə isə səpindən sonra sahənin vərdələnməsi yaxşı səmərə verir.Beləki,vərdələnmə toxumla torpaq arasında təmas yaradır və çıxışın daha tez alınmasına səbəb olur.Ümumiyyətlə,çovdar 1-20C-də cücərə bilir. Kütləvi cücərtilərin alınması üçün optimal temperatur 6-120C hesab olunur.
Payız əkinlərində bitkilərin normal böyümə və inkişafı üçün bitkilərdə gedən fizioloji və biokimyəvi proseslərin tənzimlənməsində şum altına verilən gübrələrlə yanaşı, erkən yazda yemləmə şəklində hektara 200-250 kq fiziki çəkidə ammonium-nitrat (NH4NO3) gübrəsi verilir. Gübrə səpildikdən sonra sahə yüngül mala ilə malalanır. Belə malalanma torpağı yumşaldır, mineral gübrəni torpağa qatır, alaq otlarını məhv edir və torpağın hava rejimini yaxşılaşdıraraq bitkinin köklərinin havalanmasını tənzimləyir.Yazda hava şəraitindən asılı olaraq çovdar becərilən bölgələrdə 2-3 dəfə suvarma aparılmalıdır. Çovdarın vegetasiya suvarmalarının şırım və digər resursmühafizəedici mütərəqqi üsullarla aparılması iqtisadi cəhətdən daha səmərəlidir.Alaq otlarına qarşı mübarizə məqsədilə kimyəvi üsullardan istifadə edərək hektara məsarif norması 1,5-2,0 kq 2,4 D herbisidinin amin duzu götürülür və 300-400 litr suda həll edilərək işçi məhlulu hazırlanır və bitkinin yaz kollanması fazasında sahəyə çilənir. Ziyanverici və xəstəliklərə qarşı mübarizə tədbirləri görülür.
Məhsul dənlərin tam yetişmə fazasında “Klass”, “Sampo” və sair taxıl yığan kombaynla birbaşa yığılır. Çovdar sahəsinin biçini üçün optimal nəmlik 14-17% təşkil etməlidir. Yaxşı olardı ki, kombayna samanı xırdalayaraq toz halına salan xırdalayıcı qurğu quraşdırılaydı. Belə olduqda sahə bitki qalıqları ilə örtülmüş olar. Mulça rolu oynayan bu bitki qalıqları torpağın münbitliyinin mühafizəsi və bərpası ilə yanaşı torpaqdakı nəmliyin qorunmasında və təkrar əkinlər üçün olduqca əlverişlidir. Bu zaman dünyada geniş yayılmış sıfır becərmə texnologiyasından istifadə edilməsi üçün əlverişli imkanlar yaranır. Bu texnologiyada şumdan imtina edilir.Təkrar əkinlər üçün seçiləcək cərgəarası becərilən bitkilərin (qarğıdalı, günəbaxan, darı, soya və s.) toxumları xüsusi toxum səpən maşınlarla həyata keçirilir. Bu üsul həm vaxt itkisinin qarşısını alır, həm də istehsal olunan məhsulun maya dəyərini aşağı salır. Taxıl biçininə səhər tezdən başlamaq məsləhət görülmür. Çünki bu zaman sünbüllərdə nəmliyin miqdarı çox olduğuna görə onlar yaxşı döyülmür.Nəticədə kombayndan çıxan samanın tərkibində bütöv və tam döyülməmiş sünbüllər müşahidə olunur ki, bu da xeyli dən itkisi deməkdir. Nəticədə hər hektardan məhsul itkisi 2-3 sentnerə çatır. Odur ki,çovdarın biçininə səhər saat 1000-1100 radələrində başlamaq lazımdır.
Bəs çovdarı və onun emal məhsullarını ölkəmizdə istehsal etmək üçün nə etmək lazımdır? Bu məsələ dövlət səviyyəsində həll olunmalı,bununla bağlı tədbirlər planı işlənib hazırlanmalıdır. Bura bir sıra dağlıq, dağətəyi və yarım-quraq ərazilərdə çovdarın becərilməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi,istehsal olunan çovdar məhsulunun dövlət tədarükü yolu ilə kənd təsərrüfatı məhsulları istehsalçılarından əlverişli qiymətlərlə alınması,emal müəssisələrinin sayının artırılması, rayonlaşmış yerli və ya xaricdən introduksiya olunan çovdar sortlarının toxumçuluğunun elmi əsaslarla təşkili,ixtisaslaşmış özəl toxumçuluq təsərrüfatlarının yaradılması, orijinal, superelit,elit və reproduksiyalı toxumların dövlət sifarişi əsasında istehsalı,çəkilmiş xərclərin qarşılanması,yeni subsidiyalaşma mexanizmində əkin subsidiyasına görə nəzərdə tutulan əmsalın artırılması tələb olunur.Bu gün ölkədə yalnız şəkərli-diabetli xəstələrin və pəhrizdə olan digər kontingent insanların çovdar çörəyinə olan tələbatını ödəmək üçün hər il 45 min tona qədər çovdar istehsal etmək lazımdır.Bunun üçün 20 min hektarda çovdarın əkilməsi tələb olunur.Bütün bu tədbirlərin həyata keçirilməsi ölkədə çovdar əkini sahələrinin genişlənməsində,emal müəssisələrinin sayının artmasında, əhalinin çovdarın emal məhsullarına olan tələbatının ödənilməsində, qiymətlərinin əlçatan olmasında,insan sağlamlığının qorunmasında,kəndlərdə əhalinin həyat səviyyəsinin yüksəldilməsində, idxaldan asılılığın aradan qaldırılmasında müstəsna rol oynaya bilər.
Hal-hazırda Azərbaycan Respublikasının seleksiya nailiyyətlərinin Dövlət reyestrinə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun seleksiyasına məxsus rayonlaşmış “Mirbəşir 46” çovdar sortu daxildir.Bu sort Dağlıq Şirvan zonasında çovdar genofondundan çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır. Sort tezyetişəndir,yatmaya nisbətən davamlıdır.Min dənin kütləsi orta dərəcədən yüksəkdir.Dəndə zülalın miqdarı 13,1%,əvəzolunmayan amin turşularından lizinin miqdarı orta hesabla 100 qram dəndə 420 mq-dır.Sort pas xəstəliklərinə qarşı orta, sürmə xəstəliklərinə qarşı tam davamlıdır.Hektardan məhsuldarlığı 40-60 sentner arasında dəyişir.Əgər gələcəkdə çovdar toxumuna tələbat yarandığı təqdirdə Əkinçilik Elmi-Tədqiqat İnstitutu “Mirbəşir 46” çovdar sortunun toxumçuluğu ilə məşğul ola bilər.Eyni zamanda digər ölkələrdən, xüsusən də Rusiyadan tez yetşən,quraqlığa və şaxtaya davamlı çovdar sortlarının yüksək reproduksiyalı toxumlarını ölkəyə gətirməklə ilkin dövrlərdə fermerlərin toxuma olan ehtyaclarını ödəmək olar.
Beləliklə,qida məddələrinin zəngin spektrinə malik çovdarın yuxarıda qeyd edilən üstünlüklərini nəzərə alaraq respublikada onun əkin sahəsinin genişləndirilməsi ölkə əhalisini etibarlı şəkildə sağlam qida məhsulları ilə təmin edilməsində,insanların ərzağa olan tələbatının diversifikasiyasında,kənd təsərrüfatı məhsulları istehsalçılarının maliyyə vəziyyətinin yaxşılaşmasında,idxaldan asılılığın aradan qaldırılmasında müstəsna rol oynaya bilər.

Cavanşir Təlai
Aqrar Elm və İnnovasiya
Mərkəzinin Elmin Təşkili və
Koordinasiyası şöbəsinin müdiri,
biologiya üzrə fəlsəfə doktoru, dosent

Qətibə Həsənova
Əkinçilik Elmi-Tədqiqat İnstitu
tunun Dənin Keyfiyyəti labora
toriyasının müdiri,aqrar elmləri
doktoru,dosent