Xəbərlər

Salyanda üzümçülüyə dair təlim keçirilib

24.12.2020

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” regional proqramına əsasən keçirilən İsmayıllı, Şamaxı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin üzümçülük sahəsində potensialının inkişafı layihəsi çərçivəsində təqvim-planına uyğun olaraq fermerlərə xidmət üçün tərtib edilmiş aqroməsləhət iş proqramının həyata keçirilməsinin monitorinqi və qiymətləndirilməsi məqsədilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri Salyan DAİM-in nümayəndəsi Kamran Babaşov ilə birgə 22 dekabr 2020-ci il tarixində Salyan rayonu Xələc kəndində Ramil Əlihəsənovun (3,5 ha), Rahil Hüseynovun (5 ha), Şahin Nəcəfovun (2,5 ha) üzümçülük fermer təsərrüfatlarında olmuşdular.
Payız qış müvsümündə üzümlüklərdə aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin aparılması, sınmış dirəklərin və qırılmış məftillərin dəyişdirilməsi, seyrəkliyin aradan qaldırılması, qış suvarması, bitki arası belləmə, dərman preparatlarının tədarükü, çiləyicilər, tozlayıcılar və digər texnikaların təmiri, tumurcuqlar açılmamış xəstəliktörədici və zərərvericilərin qışlayan sürfələrinə qarşı çiləmə aparılması, üzümlükləri risklərdən siğortalamaq məqsədilə preventiv tədbirlər ilə bağlı tarla şəraitində əyani vasitələrdən və mövsümə uyğun olaraq tərtib edilmiş şəkillər və s. çap materiallarından da istifadə edilməklə bilgilər verilmiş və tənəkdə saxlanılacaq gözcüklərin miqdarının müəyyənləşdirilməsi, quru budama, formavermə, bağlama, çubuq tədarükü, cərgəarası payızlıq şumun aparılması, torpağa üzvi və mineral gübrə verilməsi qaydaları (azot, fosfor, kalium və s.) praktiki olaraq nümayiş etdirilmişdir.
Dəmyə və suvarılan ərazilərdəki üzümlüklərdə risklər və ekoloji-coğrafi zonallıq xüsusiyyətləri nəzərə alınmaqla, diferensial aqrotexnika və son illər iqlim dəyişikliyi ilə əlaqədar gözburaxma problemi nəzərə alınaraq tənəklərdə üzümün quru budaması, sortlar üzrə müxtəlif yükvermə normaları, suvarma, torpaq işləmə, gübrələmə, bitki mühafizə tədbirlərinin vaxtlı-vaxtında və düzgün həyata keçirilməsi, çəkilən xərclərin azaldılması, optimal məhsuldarlıq və məhsulun keyfiyyətinin yüksəldilməsi ilə səmərəliliyin artırılması hədəf olaraq götürülmüşdür.
Üzümçülükdə istifadə olunan texnika, alət, avadanlıq, metal və beton dirəklər, məftil, gübrə, pestisid və s. bu kimi lazımi materialların etibarlı mənbələrdən alınması və digər problemlərlə bağlı əməli köməkliklər göstərilmişdir.
Ehtiyacların qiymətləndirilməsinə əsasən fermer təsərrüfatlarında aqrotexnoloji əməliyyatların həyata keçirilməsi və innovativ texnologiyaların DAİM əməkdaşlarına praktiki olaraq aşılanması üçün zəruri olan texnikaların alınması tərəfimizdən təklif edilmiş və layihə çərçivəsində GİZ tərəfindən “Tənəkarası (ağacarası) becərən hidravlik frez” (marka: KHDR 200) və “Çiləyici ventilyatorlu qoşulan karataş T-1000” aparatı Şamaxı, İsmayıllı və Salyan DAİM-lərinə hədiyyə edilmiş və fermerlərin istifadəsinə verilmişdir.
Qeyd edək ki, DAİM nümayəndələri ilə birgə seçilmiş fermer təsərrüfatlarına mütəmadi olaraq baxış keçirilir, mövsümi aqrotexniki, aqrokimyəvi, inteqrir mübarizə tədbirləri əyani olaraq tarla şəraitində elmi-təcrübi bilgilər əsasında, tərəfimizdən verilən məsləhət xidmətlərinə uyğun olaraq aparılır, işlərin ardıcıllığı və real səmərəli nəticə əldə etməyin yolları DAİM əməkdaşlarına praktiki olaraq aşılanır.
İşin həyata keçirilməsi proqramının DAİM mütəxəssisləri ilə birgə koordinasiya edilməsi məqsədilə DAİM nümayəndələri, seçilmiş fermerlər və məsləhətçilərdən ibarət WhatsApp qrupu yaradılmışdır. WhatsApp qrupu vasitəsilə fermerlərin qarşılaşdıqları problemlər, üzümçülükdə rast gələn risklər, aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin vaxtlı vaxtında aparılması ilə bağlı müzakirələr aparılır və onları maraqlandıran suallar cavablandırılır.

a.e.e.d., dos. Vüqar Səlimov
t.f.d., dos. Mövlud Hüseynov
a.e.f.d. Azər Şükürov