Xəbərlər

Kənd təsərrüfatı nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayevin iştirakı ilə Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda kollektivlə geniş tərkibdə görüş keçirilib.

09.07.2019

Görüşdə institutun mövcud potensialı, sahə üzrə gələcək çağırış və trendlərin izlənilməsinin vacibliyi, innovasiyaların tətbiqinin əhəmiyyəti müzakirə olunub. İclasda çıxış edən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru s.i.e., aqrar elmlər üzrə elmlər doktoru Vüqar Səlimov üzümçülüyün respublika iqtisadiyyatı üçün çox böyük əhəmiyyətə malik olduğunu bildirib. Qeyd edib ki, ölkənin aparıcı elmi-tədqiqat müəssisələrindən biri olan bu institutun əsas fəaliyyəti üzüm genofondunun zənginləşdirilməsi və qorunub saxlanılması, aborigen, introduksiya olunmuş üzüm sortlarının, yabanı üzüm növlərinin öyrənilməsi, müxtəlif istiqamətli yüksək keyfiyyətli, xəstəlik və zərərvericilərə qarşı davamlı sort və hibridlərin yaradılması, üzümün innovativ becərilmə texnologiyasının işlənib hazırlanması, beynəlxalq standartlara uyğun şərabların, şərab distillyatlarının və digər alkoqollu və alkoqolsuz üzüm məhsullarının istehsal texnologiyalarının tədqiq edilməsi və təkmilləşdirilməsindən ibarətdir. O, üzüm-şərab istehsalında ortaya çıxan mühüm problemlərin həllində institut alimlərinin öz elmi axtarışlarını yeni keyfiyyətlə Strateji Yol Xəritəsinə uyğun olaraq həyata keçirdiyini diqqətə çatdırdı.
Kənd təsərrüfatı nazirliyinin Meyvəçiliyin, üzümçülüyün təşkili və monitorinq şöbəsinin müdiri Tofiq Rzayev çıxış edərək, qarşıda duran vəzifələrdən bəhs etdi. Bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi strategiya çərçivəsində üzümçülüyün və onun emal sənayesinin müasir bazar iqtisadiyyatı şəraitində inkişaf etdirilməsi üçün qarşıda mühüm vəzifələr qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş, üzümçülük və şərabçılığa dair Dövlət Proqramları bu sahənin inkişafında dövlət siyasətini və strategiyasını formalaşdıraraq nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsini təmin edəcəkdir. Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda yüksək elmi potensialın mövcudluğunu qeyd edən Tofiq Rzayev elmi işçilərin təkliflərini dinləyib.
Daha sonra qonaq institutun müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyası, Ampeloqrafik kolleksiya bağı və Azərbaycan şərablarının kolleksiyası ilə tanış olub.