Xəbərlər

Pomidor bitkisində alternarioz və ya quru ləkəlilik xəstəliyi (Alternaria solani)

23.02.2021

Bu xəstəlik pomidor bitkisinin yarpaqlarını, saplaq, gövdə və meyvələrini yoluxdurur. Bu zaman xəstəlik alt yarpaqlardan başlayır, onların səthində iri (5-15 mm-ə qədər) diametrli, yaxşı seçilən tünd qəhvəyi rəngli ləkələr və göbələyin spor mərhələsindən ibarət olan qəhvəyi məxməri örtük əmələ gəlir. Rütubətli hava şəraitində ləkələr tədricən böyüyür, yarpaqlar isə cansızlaşırlar. Saplaq və gövdələrdə məxməri örtüklü uzunsov tünd ləkələr, meyvələrdə isə qara basıq örtüklü ləkələr inkişaf edir.
Bu göbələk xəstəliklərinin inkişafı üçün optimal temperatur 24-30 dərəcədir. Əlverişli şəraitdə göbələk üçün inkubasiya müddəti 3-4 gündür. Yağışlar və gecə şehləri ilə müşayət olunan qızmar quru hava zamanı xəstəliyin inkişafı daha da sürətlənir.
Xəstəliyə qarşı əsas mübarizə tədbirləri aşağıdakılardır:
1. Bitki qalıqlarının yığılaraq məhv edilməsi, məhsul yığımından sonra sahənin üzlənməsi və dərin şumlanması;
2. Növbəli əkinə əməl etməklə, sələf bitkilərin düzgün seçilməsi, pomidorun əvvəlki əkin yerinə 3 ildən sonra qaytarılması:
3. İstixanalarda torpağın dezinfeksiyası (1 hissə formalin, 40 hissə su);
4. Xəstəliyə qarşı davamlı sortların və hibridlərin əkilməsi.
Xəstəliyin ilkin simptomları göründükdə fungisidlərlə çiləmələr aparılmalıdır. Pomidorun alternarioz xəstəliyinə qarşı tətbiq olunan fungisidlərdən bəziləri aşağıdakılardır:
640 q/kq mankozeb+80 q/kq mefonaksam (100 l suya 250 q ), 250 q/litr azoxystrobin SC (100 l suya 75 ml), 500 q/kq captan WP (100 l suya 300 q), 50 %-li iprodione WP (100 l suya 100 q), 80 %-li mancozeb WP (100 l suya 200 q), 80 %-li maneb WP (100 l suya 200 q), 70 %-li propineb WP (100 l suya 300 q), 25 %-li tebuconazole WP (100 l suya 50 q), tebuconazole EC 250 q/l (100 l suya 200 ml)