Xəbərlər

“Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində Şamaxı rayon fermerləri ilə tarla seminarı keçirilib

31.03.2021

Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və İnnovasiya Mərkəzinin, o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), birgə təşkilatçılığı ilə kiçik üzümçülük fermer təsərrüfatları üçün ”Alimlər fermerlərin yanında” layihəsi çərçivəsində “Üzümçülükdə innovativ texnika və texnologiyaların tətbiqi yüksək məhsuldarliğin əsasıdır” mövzusu üzrə tarla seminarı keçirilmişdir. Seminarda yeni tip “Tənəkarası (ağacarası) becərən hidravlik frez” aqreqatının tarla şəraitində iş prinsipi nümayiş etdirilmiş və elmi-praktiki təlim keçirilmişdir.
Təlimdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Aytən Süleymanova, Aqrar Elm və İnnovasiya Mərkəzinin aparıcı mütəxəssisi t.ü.f.d. Sənan Zeynalov, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimov, şöbə müdiri a.e.ü.f.d. Azər Şükürov, aparıcı elmi işçi, t.ü.f.d., dosent Mövlud Hüseynov, Şamaxı DAİM-in direktoru Etibar Muradlı və DAİM-in əməkdaşı Süleyman Məmmədov və Şamaxı üzümçü fermer təsərrüfatının nümayəndələri Balabəy Niftalıyev, Elxan Hüseynov, Nüsrət Elyazov, Cahangir Eynalov və s. iştirak etdilər.
Qeyd olundu ki, Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitdə olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır və bu şəraitdə tənəkarası frez torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.
İnstitutun mütəxəssisləri tərəfindən yeni tip aqreqatların işləmə prinsipləri, o cümlədən onlardan istifadənin əhəmiyyəti, üzümçülükdə məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, üzüm bağlarının ekoloji risklərdən qorunmasındakı rolu və s. DAİM-lərin bitkiçilik şöbələrinin müvafiq əməkdaşları və fermerlər üçün aydınlaşdırılmışdır ki, bu da gələcək tədbirlərdə DAİM əməkdaşlarının sərbəst fəaliyyətinə şərait yaradır. Təqdim edilən yeni tip aqreqatların (bağarası frez, çiləyici) təsərrüfatlarda praktiki istifadəsi və tarla nümayişi fermerlərin və DAİM əməkdaşlarının ciddi marağına səbəb olmuş və məhsul istehsalında maya dəyərinin azaldılmasında texnologiyaların rolunun əvəzsiz olduğu bir daha təsdiqlənmişdir.
Bağarası hidravlik frez üzümlüklərdə əl əməyini azaltmaqla və vaxtdan səmələrli istifadəyə şərait yaradacaq, vegetasiya ərzində üzüm bağlarında cərgələrdə əmələ gələn yaz, yay və payız alaqlarının təmizləməklə, bitkiarasının 12-15 sm dərinlikdə yumşaltmaqla, o cümlədən dəmyə şəraitdə yetişdirilən üzümlüklərdə yay müddətində torpaqda kapilyarlığını pozmaqla nəmliyin qorunmasını təmin edəcəkdir.