Xəbərlər

“Tənəkarası (ağacarası) becərən hidravlik frez” aqreqatının tarla şəraitində iş prinsipi nümayiş etdirilmiş və elmi-praktiki təlim keçirilib

06.04.2021

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin, o cümlədən Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) birgə təşkilatçılığı ilə kiçik üzümçülük fermer təsərrüfatları üçün”Alimlər fermerlərin yanında”, “Üzümçülükdə innovativ texnika və texnologiyalarin tətbiqi yüksək məhsuldarliğin əsasidir” mövzusu üzrə “Tənəkarası (ağacarası) becərən hidravlik frez” aqreqatının tarla şəraitində iş prinsipi nümayiş etdirilmiş və elmi-praktiki təlim keçirilmişdir.
Təlim Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” proqramı çərçivəsində həyata keçirilir və İsmayıllı, Şamaxı və Salyan Dövlət Aqrar İnkişaf Mərkəzlərinin üzümçülük sahəsində potensialının inkişafı etdirilməsi məqsədi daşıyır.
Təlimdə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Aytən Süleymanova, həyata keçirilən layihənin DAİM əməkdaşlarının üzümçülük sahəsində potensialının inkişafında rolu, özəl sektorun inkişafına təsiri və növbəti mərhələlərdə görüləcək işlərin ardıcıllığı ilə bağlı iştirakçılara ətraflı məlumat verdi. Bununla yanaşı layihə çərçivəsində ehtiyacların qiymətləndirilməsinə əsasən fermer təsərrüfatlarında aqrotexnoloji əməliyyatların həyata keçirilməsi və innovativ texnologiyaların tətbiqi üçün zəruri olan texnikalar- “Tənəkarası (ağacarası) becərən hidravlik frez” (marka: KHDR 200) və “Çiləyici ventilyatorlu qoşulan karataş T-1000” aparatları alınaraq fermerlərin istifadəsinə verilməsi məqsədilə Şamaxı, İsmayıllı və Salyan DAİM-lərinə təqdim edilmişdir.
Tədbirdə iştirak edən Şamaxı DAİM-in direktoru Etibar Muradlı çıxış edərək layihənin DAİM-lərin əməkdaşlarının üzümçülük sahəsində potensialının və onların praktiki bacarıqlarının artırılması, elmi-tədqiqatlar nəticəsində əldə olunan biliklərin fermerlərə və aqrar məsləhət xidməti göstərən əməkdaşlara ötürülməsi, kiçik fermer təsərrüfatlarının dəstəklənməsi, beləliklə ölkəmizdə özəl sektorun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd etdi və təşkilatçılara minnətdarlığını bildirdi. Eyni zamanda layihə tərəfindən DAİM-lərə təqdim edilən texnikanın fermerlərin istifadəsinə açıq olduğunu və onları 2021-ci il müddətində güzəştli olaraq pulsuz istifadə edə biləcəklərini fermerlərin diqqətinə çatdırmışdır.
Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru, aqrar elmlər üzrə elmlər doktoru, dosent Vüqar Səlimov dəmyə və suvarılan şəraitdə üzümçülüyün xüsusiyyətləri, torpaq becərmələri, dəmyə şəraitdə üzümün quru budaması və yaşıl əməliyyatların aparılması, gübrələrdən səmərəli istifadə qaydaları haqqında elmi-praktiki məlumatlar verdi. Qeyd olundu ki, Şamaxı rayonunda üzümlüklər əsasən dəmyə (suvarılmayan) şəraitdə olduğundan, burada nəmlikqoruyucu innovativ tədbirlərin həyata keçirilməsinə yönəlmiş tədbirlər, kultivasiya, bitkiarası becərmə və s. əməliyyatlar vacib rol oynayır və bu şəraitdə tənəkarası frez torpağın nəmliyinin və münbitliyinin il boyu qorunub-saxlanılmasında mühüm əhəmiyyət kəsb edir.
İnstitutun mütəxəssisləri tərəfindən yeni tip aqreqatların işləmə prinsipləri, o cümlədən onlardan istifadənin əhəmiyyəti, üzümçülükdə məhsuldarlığın və məhsulun keyfiyyətinin yüksəldilməsi, üzüm bağlarının ekoloji risklərdən qorunmasındakı rolu və s. DAİM-lərin bitkiçilik şöbələrinin müvafiq əməkdaşları və fermerlər üçün aydınlaşdırılmışdır ki, bu da gələcək tədbirlərdə DAİM əməkdaşlarının sərbəst fəaliyyətinə şərait yaradır. Təqdim edilən yeni tip aqreqatların (bağarası frez, çiləyici) təsərrüfatlarda praktiki istifadəsi və tarla nümayişi fermerlərin və DAİM əməkdaşlarının ciddi marağına səbəb olmuş və məhsul istehsalında maya dəyərinin azaldılmasında texnologiyaların rolunun əvəzsiz olduğu bir daha təsdiqlənmişdir.
Eyni zamanda, təlimdə qış müvsümündə üzümlüklərdə aqrotexniki, aqrokimyəvi və inteqrir mübarizə tədbirlərinin aparılması, sınmış dirəklərin və qırılmış məftillərin dəyişdirilməsi, seyrəkliyin aradan qaldırılması, qış suvarması, bitki arası belləmə, dərman preparatlarının tədarükü, çiləyicilər, tozlayıcılar və digər texnikaların təmiri, tumurcuqlar açılmamış xəstəliktörədici və zərərvericilərin qışlayan sürfələrinə qarşı çiləmə aparılması, üzümlükləri risklərdən siğortalamaq məqsədilə preventiv tədbirlər ilə bağlı tarla şəraitində əyani vasitələrdən və mövsümə uyğun olaraq tərtib edilmiş şəkillər və s. çap materiallarından da istifadə edilməklə bilgilər verilmiş və tənəkdə saxlanılacaq gözcüklərin miqdarının müəyyənləşdirilməsi, quru budama, formavermə, bağlama, çubuq tədarükü, cərgəarası payızlıq şumun aparılması, torpağa üzvi və mineral gübrə verilməsi qaydaları (azot, fosfor, kalium və s.) praktiki olaraq nümayiş etdirilmişdir.
Qeyd edək ki, layihə çərçivəsində Şamaxı, İsmayıllı və Salyan rayonlarının hər birindən seçilmiş məhsuldarlıq və məhsulun keyfiyyəti baxımından istənilən nəticə əldə edilə bilməyən 5 hektara qədər 3 kiçik fermer təsərrüfatlarında (ümumilikdə 9 kiçik fermer təsərrüfatı) DAİM-lərin müvafiq əməkdaşlarının üzümçülük sahəsində potensialının inkişafı məqsədilə təlimlər keçirilir, eyni zamanda onların tarla şəraitində praktiki bacarıqlarının artırılması üçün aqroməsləhət xidməti əyani şəkildə nümayiş etdirilir.