Xəbərlər

Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə fermer və sahibkarlarla onlayn platformada görüş keçirilib

03.05.2021

Aqrar Elm və İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə innovativ yeniliklərə dair onlayn formatda növbəti görüş keçirilib. Tədbir zamanı Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşları, şirkət nümayəndələri və 45 regiondan 200-ə yaxın fermer iştirak edib.
Tədbirdə çıxış edən şirkət nümayəndələri Azərbaycanda bir sıra mühüm ekoloji problemlərin həllinə, xüsusən, suvarma suyunun keyfiyyətinin artmasına və qənaətinə, torpaq şoranlığının azaldılmasına, duzluluq və şoranlığa qarşı mübarizə metodları barədə məlumat verib.
Görüş zamanı təqdimatçılar tərəfindən “Hidroponika” metodunun üstünlüyü və səmərəliliyi barədə geniş məlumat verilib. Bu sistem gübrələmə, şumlama, sulama proseslərinə ehtiyac olmadan bitkilərdən qısa müddət ərzində daha yüksək məhsul alınmasına imkan verir.
Həmçinin, görüşdə müxtəlif növ bitkilərin məhsuldarlığını artırmaq və suvarma suyu istehlakını azaltmaq üçün "Magmatrix Agro" texnologiyasından istifadənin effektivliyinin geniş yoxlanması və tətbiqi barədə də təqdimat nümayiş olunub. Ətraflı müzakirələr aparılan təqdimatda təqdim edilən texnologiyaların tətbiqinin ölkəmizdə gözlənilən nəticələri barədə məlumat verilib.
Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən ənənə halını almış bu kimi tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.