Xəbərlər

Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığı müəyyən olunub

11.09.2019
Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığının təyin olunması üzrə sahə nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi nümayişdə üç işçi qrupu yaradılaraq hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub, elmi nəticələr yerində  aktlaşdırılıb. 
Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirləri İmran Cümşüdov və Rəfail Quliyev yeni texnologiya üzərində aparılmış elmi nəticələri açıqlayaraq bildiriblər ki, üç saat aparılan tədqiqat nəticəsində məhsuldarlığın 102 sentinerdən, hər qozadan lif çıxımının isə  40 faizdən yüksək olduğu müəyyən olunub. Hansı ki, ənənəni əkinlərdə bu göstəricilər dəfələrlə aşağıdır.  Ona görə də pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodları öyrənilir. Gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq olunacaq.