Tərəvəzçilik ETİ

Tərəvəzçilik Elmi-tədqiqat İnstitutu

 

         Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu keçmiş Azərbaycan Respublikası  Nazirlər Sovetinin qərarı ilə 1965-ci ilin iyun ayında Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bazasında yaradılmış və həmin ildən də müstəqil elmi-tədqiqat institutu statusu ilə fəaliyyətə başlamışdır. İnstitut 1994-cü ildən “Tərəvəz-Toxum” Elm İstehsalat Birliyinə çevrilmiş, 2000-ci ildən isə yenidən Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu kimi fəaliyyət göstərmişdir. Hazırda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli  qərarı ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu adlandırılmışdır. 

1934-cü ildə Ümumittifaq Bitkiçilik İnstitutunun Azərbaycan filialının yaradılması və orada əsasən tərəvəz bitkilərinin dünya kolleksiyasının öyrənilməsi, 1939-cı ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Qusarçay Zona Təcrübə Stansiyasının yaradılması və burada seleksiya və aqrotexnika sahəsində elmi-tədqiqat işlərinin həyata keçirilməsi, tərəvəzçiliyin elmi əsaslarla inkişafının Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu yaradılana qədər keçdiyi tarixi yolun qısa xülasəsidir. 

Strurktur etibarı ilə institut elm və istehsalat şəbəkələrindən ibarətdir. Elm  şəbəkəsinə tədqiqat işləri ilə məşğul olan 3 şöbə (Seleksiya və toxumçuluq; Becərmə texnologiyası; Kartofçuluq) və 7 laboratoriya (Becərmə texnologiyası; İnteqrir mübarizə texnologiyaları; Aqrokimya; Fiziologiya; Biotexnologiya; Örtülü sahə; Emal və saxlanma texnologiyaları), istehsalat şəbəkəsinə isə 3 bölgə zona təcrübə stansiyası (Lənkəran BZTS-faraş tərəvəzçilik zonası, Qusarçay  BZTS-inkişaf etmiş konserv sənayesi zonası, Tovuz BZTS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək keyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron Yardımçı Təcrübə Təsərrüfatı) daxil olub, geniş tədqiqat işlərinin aparılmasını təmin edir. Tərəvəzçilik ET İnstitutunun əsas məqsədi və vəzifəsi tərəvəzçiliyin dinamik inkişafını təmin edən müasir səviyyəli kompleks proqramların işlənib həyata keçirilməsindən,  qazanılmış elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqi və geniş yayılması sahəsində tərəvəzçiliklə məşğul olan təsərrüfat sahələrinə lazımi elmi-metodiki köməklik göstərməkdən ibarətdir.  

Bölgə təcrübə stansiyaları ilə birlikdə hazırda institutda 154 əməkdaş çalışır.  Onlardan 93 nəfəri institutda, 18 nəfər Qusarçay BZTS-da, 21 nəfər Lənkəran BZTS-da, 17 nəfər Tovuz BZTS-da, 5 nəfər Şəmkir dayaq məntəqəsində çalışır ki, bunun da 2 nəfəri elmlər doktoru, 17 nəfəri isə fəlsəfə doktorudur.

Ölkədə tərəvəzçiliyin inkişafının etibarlı təminatı üçün Tərəvəzçilik ET İnstitutunun qarşısında qoyulmuş  əsas vəzifə yüksək məhsuldarlığa və keyfiyyət göstəricilərinə malik, abiotik amillərin mənfi təsirinə, xəstəlik və zərərvericilərə davamlı, müxtəlif vaxtlarda yetişən tərəvəz, bostan və kartof sortlarının yaradılması və onun istehsalata tətbiqidir. Həmçinin, institut yüksək və getdikcə artan tərəvəz məhsulu becərilməsini təmin edən kompleks aqrotexnologiyaların işlənib hazırlanması, bölgələrdə torpaqların münbitliyini sabit saxlamaq və yaxşılaşdırılmaq üçün əlverişli sələf bitkilərinin əsasında növbəli əkin sistemlərinin hazırlanması, tərəvəz sortlarının ilkin toxumçuluğunun elmi əsaslarla işlənib hazırlanması, superelit və elit toxum istehsalına elmi-metodiki köməklik etmək, müxtəlif çeşidli tərəvəz növlərinin emal texnologiyasını öyrənmək, elmi nailiyyətlərin və qabaqcıl təcrübənin istehsalata tətbiqinə və geniş yayılmasına metodiki rəhbərlik göstərməkdən ibarətdir.

Elmi fəaliyyəti: 1965-ci ildən indiyə qədər institutda tərəvəz, bostan və kartof bitkilərinin 100-dən çox sortu yaradılmışdır ki, onlardan da 55-i rayonlaşmış, 9 sort isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində sınaqdan keçirilir. Bunlar: kələmin  Azərbaycan, Jalə, Yerli Abşeron, Rəcəbli 104, Abşeronskaya ozimaya, Araz, Sahil, açıq sahə üçün pomidorun Elim, İlkin, Vətən 1, Leyla, Zərrabi, İlyas, Nuru, Şəkər,  Yubiley-60, Xəzər, Zəfər, Alsu, örtülü sahə  üçün pomidorun Bənövşə, Şahin, Şəlalə, soğanın - Sabir, Yaxşılaşdırılmış yerli Hövsan, badımcanın Zəhra, Gəncə, Yaxşılaşdırılmış Billur, Məhərrəm, Türkan, Fədai, şirin bibərin Murad, Şəfa, Yadigar, Zümrüd, Humay, acı bibərin Göy göl,  xiyarın Azəri, örtülü sahə üçün xiyarın Bahar, sarımsağın Cəlilabad, Qusarçay, Elçin, tərəvəz lobyasının  Zülal, Sevinc, İsa, Bəyaz, İsa-12, tərəvəz noxudunun Fidan, Namiq, yerkökünün Abşeronskaya zimnyaya, Yubileynaya 60, qarpızın Mərcan, kartofun Sevinc, Əmiri 600, Telman, şüyüdun Otello sortlarıdır.   

Hal-hazırda respublikamızda ümumi tərəvəz əkinləri sahəsinin 60-70%-də Tərəvəzçilik ET İnstitutunun sortları əkilir.

Müsabiqəli Qrantlar Proqpamı çərçivəsində Tərəvəzçilik ET İnstitutunda 2002-ci ildən başlayaraq 2006-cı ilə kimi qrant layihəsi yerinə yetirilmişdir. Həmin layihələr Tovuz rayonunun Alakol və Dönük Qırıqlı kəndində 26 hektar sahədə tətbiq edilmişdir. Proqramın köməyi ilə institutda yeni yaradılmış, yüksək məhsuldar kartof, tərəvəz sortlarının fermer təsərrüfatlarında geniş yayılmasına nail olunmuş, respublikanın müxtəlif  bölgələrində fermerlərin iştirakı ilə yeni tərəvəz sortlarının seçilməsi və becərmə texnologiyasının tətbiqi fermerlərə nümayiş etdirilmiş və digər tədbirlər müvəffəqiyyətlə yerinə yetirilmişdir.  Hər il vegetasiya dövründə keçirilən “tarla günləri” adlı sərgidə yeni yaradılmış sortlar və əlverişli nümunələr nümayiş etdirilir və qiymətləndirilir.

Həyata keçirilən Beynəlxalq layihələr çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin birgə işləri olan 2013-2015-ci illərdə  “Azərbaycanda xəstəliklərdən azad (sağlam) kartof toxumçuluğunun inkişaf etdirilməsi” və 2015-ci il Beynəlxalq Torpaq ilində “Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı və institusional bacarıqların artırılması” adlı birgə layihələrdə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu da fəal iştirak edir. 

İnstitutun alimləri öz fəaliyyətləri müddətində 30-dan çox səmərələşdirici təklif və ixtira üçün müəlliflik şəhadətnamələri almış, elmi axtarışların nəticələri barədə ölkə daxilində, regional, beynəlxalq konfrans, simpozium, konqres və qurultaylarda 500 dəfədən artıq məruzə ilə çıxış etmişlər.

İnstitutun fəaliyyəti müddətində alimlərin tədqiqat işlərinin nəticələri 50-yə qədər kitab və monoqrafiyada, 150 broşurada, 3000-dən çox məqalədə, 20 plakatda, 35 bukletdə, rayonlaşmış və yeni sortların rus və ingilis dillərində yazılmış təsviri verilmiş iri həcmli kataloqda və 2 cildlik elmi əsərlərin məcmuəsində məqalələr dərc edilmişdir.

İnstitutun yarandığı vaxtdan bu günə qədər, genefondda toplanmış müxtəlif tərəvəz, bostan və kartof bitkilərinin 5000-dən çox yerli və xarici mənşəli kolleksiya nümunələri öyrənilmiş, qiymətləndirilmiş və seleksiya məqsədləri üçün seçilmişdir.

İnstitutun Yardımçı Təcrübə Təsərrüfatında, Bölgə Zona Təcrübə Stansiyalarında, Dayaq Məntəqəsində tərəvəz, bostan və kartof sortlarının məhsuldarlığının artırılması istiqamətində  aparılmış elmi tədqiqat işlərinin nəticəsi olaraq yeni sortların, ailələrin və təmiz xətlərin yaradılmasına, yeni texnologiyaların tətbiqinə, zərərverici və xəstəliklər kompleksinə qarşı əlverişli mübarizə tədbirlərinə,  məhsulların saxlanması və emalına aid yeni, səmərəli təkliflər işlənib hazırlanaraq  fermerlərə  təklif  olunmuşdur.

Beynəlxalq əlaqələri: 2005-ci ildən Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CİP, Peru) ilə sıx əməkdaşlıq edir. İnstitutun direktoru Ə.EYVAZOV Dünya Tərəvəzçilik Mərkəzinin Azərbaycan üzrə milli koordinatorudur.

Dünyanın müxtəlif ölkələrində (ABŞ, İngiltərə, Hollandiya, Avstraliya, Rusiya, Çin, Fransa, Türkiyə, İran, Hindistan, Yaponiya, Peru, Tayvan, İsrail, Almaniya, Qazaxıstan, Özbəkistan, Ukrayna, Belarus və s.) yerləşən universitetlərin, elmi mərkəzlərin, şirkətlərin və s. təşkilatların nümayəndələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olmuşlar.

Eyni zamanda, institutun əməkdaşları müxtəlif xarici ölkələrdə (Polşa, İsrail, Misir, Türkiyə, Rusiya, Çin, Yaponiya, Hindistan, Macarıstan, Tayvan, Cənubi Koreya və s.) keçirilən beynəlxalq konfranslarda, treninqlərdə iştirak edir, elmi təcrübə və kolleksiya materiallarının mübadiləsi sahəsində əməkdaşlıq aparırlar.

Ünvan: AZ 1098, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı sovxoz

Telefon: (+994 12) 551 63 19 

Faks:     (+994 12) 551 63 19

E-mail:  teti_az@mail.ru

Veb-sayt: https://www.teti.az/