Meyvəçilik və Çayçılıq ETİ-2019

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun elmi nəaliyyətləri

2019-cu ildə institutda qeyd olunan istiqamətlər üzrə elmi-tədqiqat işləri 3 proqram – “Meyvəçilik”, “Subtropik bitkilər” və “Azərbaycan çayı” daxilində yerinə yetirilmiş, bu proqramlara 12 mövzu və 44 iş daxil olmaqla tədqiqat işləri davam etdirilmişdir. Hesabat ilində 9 mövzu, 24 iş və 24 mərhələ üzrə tədqiqat işləri başa çatmış, elmi və praktiki əhəmiyyətli nəticələr əldə edilmişdir. Meyvə bitkilərinin 7075 genefondu öyrənilmiş, 1 yeni alma sortu (“Sədəf”), 1 yeni seleksiya gilas sortu (“Azəri”) və 1 yeni limon sortu (“Lənkəran Meyeri”) rayonlaşdırmaya təqdim edilmiş, qiymətli təsərrüfat əlamətlərinə malik sort və hibridlər müəyyənləşdirilmişdir. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin 14 fevral 2019-cu il tarixli əmrinə əsasən 4 yeni seleksiya çay sortu (Fərmançay Çəhrayı, Fərmançay, Lənkəran və Xəzər) və 2 yeni seleksiya zeytun (Elçin və Aylin) rayonlaşdırılaraq Dövlət reyestrinə daxil edilmiş və onlara patent verilmişdir. Bununla yanaşı olaraq İngiltərənin “Meiosis” şirkətindən imtroduksiya olunmuş 5 çiyələk, 6 moruq, 4 böyürtkən sortlarının, eləcə də İspaniyanın “Viveros Veron” şirkətindən introduksiya olunmuş 16 şaftalı (nektarin) və 1 ərik sortlarının sınağı üzrə təcrübələr davam etdirilir.
İnstitutda tədqiqatların yerinə yetirilməsində institutun 5 şöbə və 3 laboratoriyası, hər birində 2 şöbə olan Lənkəran Çay Filialı, Abşeron Təcrübə Stansiyası və 3 Dayaq Məntəqəsi (Göyçay, Qəbələ, Zaqatala) iştirak etmişlər. Tədqiqatların yerinə yetirilməsinə ümumilikdə 151 nəfər elmi, elmi-texniki və xidmət işçiləri, o cümlədən 63 nəfər elmi işçi, onlardan 5 elmlər doktoru və 17 nəfər fəlsəfə doktoru cəlb edilmişdir.
“Meyvəçilik” proqramı çərçivəsində 7 mövzu və 21 iş üzrə tədqiqatlar tumlu və çəyirdəkli meyvə bitkilərinin seleksiyası və sortöyrənilməsi, becərilmə texnologiyasının təkmilləşdirilməsi istiqamətində yerinə yetirilmiş və elmi əhəmiyyət kəsb edən nəticələr əldə edilmişdir.
Seleksiya üzrə tədqiqatlar meyvə bitkilərinin yerli və introduksiya olunmuş sortlarının öyrənilməsi və onların yeni, tez məhsul düşən, spur tipli, yüksək dad keyfiyyətlərinə malik, davamlı sortlarının yaradılması və seçilməsi üzrə təcrübə işləri institutun Quba YTT və Zərdabi adına ETB-nin kolleksiya, seleksiya və hibrid bağlarında aparılmışdır.
Cari  ildə alma, armud və gilasın yeni sortlarının yaratmaq məqsədilə, hər birində 3 kombinasiya olmaqla cəmi 9 kombinasiyada 13436 çiçək təcrid edilmiş, 12662 çiçək tozlandırılmış və onlardan 1548 ədəd meyvə və 2852 ədəd hibrid toxumu alınmışdır. Əldə edilmiş toxumlar stratifikasiyaya qoyulmuşdur. 2018-ci ildə əldə edilmiş 2998 ədəd hibrid toxumu cari ilin yazında açıq sahəyə səpilmiş və onlardan 541 ədəd hibrid toxmacarı əldə edilmişdir.  
Hesabat illində seleksiya və hibrid, eləcə də kolleksiya bağlarında olan sort və formaların təsərrüfat-bioloji xüsusiyyətləri öyrənilmiş, elmi və təsərrüfat əhəmiyyətli nəticələr əldə edilmişdir. 
2019-cu ildə Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin qərarı ilə  1 alma sortu (“Sədəf”) və 1 yeni limon sortu (“Lənkəran Meyeri”) rayonlaşdırmaya qəbul edilmişdir. 
Yeni calaqaltı formalarını introduksiya etməklə klon calaqaltıların kolleksiyasını yaratmaq və intensiv tipli meyvə bağları salmaq üçün yararlığına görə onların qiymətləndirilməsi üzrə tədqiqat işləri davam etdirilmişdir. Bu məqsədlə Türkiyə və Belarus Respublikasından vegetativ üsulla artırılan almanın (M 29, MM 111, ПБ-14, 62-396, 54-118, 57-545, M 26 və M 9), armudun 1 (BA-29), gilasın 1 (Maxsima 14), gavalının 2 (VPK-1, Mirabalan 29 C) və şaftalının 2  (Garnem, CEF-677) formaları gətirilərək calaqaltı anaclığına əkilmiş və onların müqayisəli olaraq qiymətləndirilməsi aparılmış və yüksək təsərrüfat göstəricilərinə malik calaqaltı formaları müəyyən edilmişdir.
Ölkə şəraitində əkin materialı yetişdirmək məqsədilə alma bitkisi üçün alçaqboylu calaqaltı kimi M 9 və MM 106, armud üçün BA-29, gilas üçün Maxma-14; gavalı və alça üçün Mirabalan 29 C, şaftalı və badam üçün isə Garnem və CFF-677 istifadə edilməsi məqsədəuyğun hesab edilmişdir.
 Meyvə bitkilərinin becərmə texnologiyası üzrə tədqiqatlarda sıxlaşdırılmış müxtəlif əkin sxemlərindən və cərgəarası torpağın saxlanması üsullarından asılı olaraq cavan meyvə bağlarında cərgəarası torpağın saxlanılması sistemi öyrənilmiş, müəyyən edilmişdir ki, cavan intensiv bağlarda cərgəarası torpağı ağaclar məhsula düşənə qədər qara herik, məhsula düşdükdən sonra isə təbii çəmənlik altında saxlanılmalıdır.  Makro və mikro gübrələrin optimal və artırılmış dozalarının, eləcə də üzvi və mineral gübrələr fonunda kökdən kənar yemləmənin alma bitkisi ağaclarının məhsuldarlıq və inkişaf parametrlərinə təsiri öyrənilmiş,  beşillik nəticələrə əsasən ən yüksək göstəricilər  N120P120K120+ZnSO4 (2,4 kq/ha) variantında qeydə alınmış və məhsul artımı 28,4-36,8 % təşkil etmişdir.
Pestisidlərdən minimum istifadə etməklə meyvə bitkilərinin xəstəlik və zərərvericiləri əleyhinə inteqrir (əlaqəli) mübarizə tədbirləri sisteminin təkmilləşdirilməsi mövzusu üzrə tədqiqat işləri alma ballıcasının bioekoloji xüsusiyyətlərinin tədqiqi, introduksiya olunmuş gilas sortlarının xəstəliklərinin və alma genotiplərinin dəmgil xəstəliyinə davamlılıq genlərinin öyrənilməsi istiqamətində yerinə yetirilmişdir. Beşillik nəticələrə əsasən alma ballıcası əleyihinə vegetasiya dövri ərzində 0,08 % Confidor və ya Calypso pestisidləri ilə 4 dəfə-erkən yazda tumurcuqlar oyanmamış, çəhrayı konus mərhələsində, çiçəkləmədən dərhal sonra və meyvələrin aktiv inkişafı dövründə kimyəvi mübarizə aparılması təklif olunur. Gilas sortlarında klasterosporioz xəstəliyinə qarşı kimyəvi mübarizə 0,25 % Ziram və 0,4 %-li Abiqa Pik funqisidlərindən istifadə edilməsi məqsədəuyğun hesab olunur, 86,4-88,3 % bioloji səmərə əldə etmək mümkündür.
Emal texnologiyası üzrə 2015-2019-cu illər ərzində nar, şərq xurması və sumaq bitkiləri meyvələrinin emalını genişləndirməyə imkan verən yeni texnologiyalar işlənib hazırlanmışdır. Işlənib hazırlanmış bu texnologiyalar Patent almaq üçün Rusiya Federasiyasının Sənaye Mülkiyyətinin Federal İnstitutuna göndərilmiş və həmin institut tərəfindən 3 emal məhsuluna -“Bitki xammalından qırmızı qida rəngləyicisinin alınması üsulu”na (14 avqust 2017-ci il tarixində, RU№ 2627851), “Tam yetişərək yumşalmış Şərq xurması meyvələrindən qida məhsulu əldə etmək üsulu”na (30 aprel 2015-ci il tarixində, RU№ 2552360) və “Tam yetişmiş şərq xurması meyvələrindən şəffaflaşdırılmış şirəni xatırladan içkinin alınma üsulu”na (28 fevral 2018-ci il tarixdə, RU№ 2645969) patent alınmışdır.
Biotexnologiyanın müasir üsullarından istifadə etməklə “İn vitro” şəraitində çəyirdəkli meyvə bitkilərinin regenerantlarının alınması texnologiyasının optimallaşdırılması məqsədilə 5 variantda (qida mühitində) təcrübələr qoyulmuş, ən yaxşı nəticələr 3-cü variantda (MC+0,5 mq/l 6-БA+0,5 mq/l Kinetin + 0,5 mq/l ИУK+2,5 mq/l tanin+250 mq/l İnozitol) və 4-cü variantda (DKԜ + 0,6 mq/l БAП+0,01 mq/l ИMK+2mq/l tanin +1 mq/l nikotin turşusu+2 mq/l qliserin+100 mq/l inozitol) qeydə alınmışdır. Bu variantlarda eksplantların həyat fəaliyyətinin qorunması 82,4-85,2 % təşkil etmişdir. Təcrübələr gilasın MaxMa 14, şaftalı və badamın CF-677, Garnem, gavalının Mirobolan, armudun DKԜ calaqaltıları üzərində aparılmışdır.
“Subtropik bitkilər” proqramı üzrə tədqiqatlar 3 mövzu və 20 iş daxilində subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyası və sortöyrənməsi, becərilmə texnologiyasının təkmilləşdirilməsi üzrə yerinə yetirilmiş və müəyyən elmi nəticələr əldə edilmişdir. Aparılmış seleksiya işlərinin nəticəsi olaraq hesabat ilində zeytun bitkisinin 2 yeni seleksiya sortu (“Elçin”və “Aylin”) rayonlaşdırı-laraq Dövlət reyestrinə daxil edilmiş və patent verilmişdir. Yüksək təsərrüfat və keyfiyyət göstəricilərinə malik zeytun, innab, feyxoa bitkilərinin hibrid formaları müəyyənləşdirilərək elitə seçilmişdir. Cari ildə qərzəkli meyvə bitkilərinin (fındıq, qoz) seleksiya işində, cəmi 30 kombinasiyada 410 ədəd çiçək təcrid edilmiş,440 ədəd çiçək  tozlandırılmış, 270 ədəd fındıq və 11 ədəd qoz meyvəsi əldə edilmişdir. 2018-ci ildə  əldə edilmiş 293 ədəd fındıq və 23 ədəd qoz toxumu açıq sahəyə səpilmişdir. Əvvəlki illərdə və cari ildə əldə edilmiş hibrid toxmacarlarına aqrotexniki qulluq edilmiş, müvafiq biometrik ölçü işləri aparılmış, yüksək təsərrüfat göstəricilərinə malik formalar elitə seçilmiş  və nəticələrin təhlili illik hesabatda veriləcəkdir.
 “Azərbaycan çayı” proqramı üzrə tədqiqatlar 2 mövzu və 3 iş daxilində çay bitkisi sort və formalarının toplanması və onların ən qiymətlilərinin seçilməsi, çay plantasiyalarının məhsuldarlığını artıran becərilmə texnologiyasının təkmilləşdiril-məsi üzrə yerinə yetirilmişdir.  
Müşahidə altında olan çayın 20 forma-klonları üzərində müvafiq müşahidələr aparılmışdır. Öyrənilən formalarda yaz vegetasiyasının başlanması aprel ayının əvvəlində, sonu aprelin ikinci ongünlüyündə, yay vegetasiyasının başlanması 15-26 may tarixlərdə müşahidə edilmişdir. Yerli populyasiya və nəzarət sortuna nisbətən forma-klonlar vegetasiyaya tez başlamışlar. Forma-klonlarda taninin miqdarı 23,3-26,5% olduğu halda, yerli populyasiyada bu göstərici 21,5% qeydə alınmış və onların məhsuldarlığı nəzarət “Azərbaycan 2” sortuna nisbətən 48-79 % çox olmuşdur yüksək keyfiyyət və təsərrüfat göstəricilərinə malik FAQ-17, FAQ-18 və FAQ-19 klon formaları seçilmiş və kolleksiya sahəsinə əkilmişdir.
Hesabat ilində seleksiya işinin nəticəsi olaraq 4 yeni çay sortu (“Fərmançay Çəhrayı”, “Fərmançay”, “Lənkəran” və “Xəzər”) rayonlaşdırılaraq Dövlət reyestrinə daxil edilmiş və patent verilmişdir.