Research Institute of Crop Husbandry

 Əkinçilik Elmi-Tədqiqat İnstitutu 

 

            Əkinçilik Elmi-Tədqiqat İnstitutu SSRİ Nazirlər Sovetinin 20 may 1950-ci il 2117 saylı və Azərbaycan K(b)P MK-nın və Nazirlər Sovetinin 6 iyun 802 saylı müvafiq qərarları ilə Azərbaycan Elmlər Akademiyasının nəzdində  yaradılmış və 1950-ci ilin oktyabrından fəaliyyətə başlamışdır.

Əkinçilik ET İnstitutu Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 14 fevral 1956-cı il 253 saylı qərarına, SSRİ Kənd Təsərrüfatı Nazirliyinin 8 mart 1956-cı il 87 saylı əmrinə və Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin “Kənd Təsərrüfatı üzrə elmi tədqiqat müəssisələrinin işinin yaxşılaşdırılmasına dair tədbirlər haqda” 27 aprel 1956-cı il 222 saylı qərarına uyğun olaraq Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə keçmişdir. Əkinçilik ET İnstitutunun bazasında 1965-ci ildə ET Tərəvəzçilik İnstitutu, 1969-cu ildə Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu yaradılmışdır.

Respublikada taxıl istehsalının artırılması ilə əlaqədar ixtisaslaşmış təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işinin fəaliyyətini  yaxşılaşdırmaq məqsədilə Əkinçilik ET İnstitunun bazasında “Elit” Elm İstehsalat Birliyi  yaradılmışdır. 2000-2015-ci illər aralığında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 dekabr 1999-cu il 190 saylı qərarına əsasən yaradılmış Aqrar Elm Mərkəzinin struktur tabeliyində fəaliyyət göstərmişdir. Hal-hazırda Əkinçilik ET İnstitutu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki elmi-tədqiqat institutlarının strukturunun təkmilləşdirilməsi haqqında” 17 aprel 2015-ci il 109 nömrəli qərarı ilə Azərbaycan ET Əkinçilik İnstitutu və Azərbaycan ET Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutunun bazasında yenidən yaradılaraq fəaliyyət göstərir.

Əkinçilik ET İnstitutunun hazırkı strukturuna 8 şöbə (Bitki seleksiyası;Bitki fiziologiyası və biotexnologiyası:  Davamlı əkinçilik və bitki diversifikasiyası; Otlaq və biçənəklər; İnformasiya  təminatı və elmi nəticələrin tətbiqi; Hüquq, kadr və kargüzarlığın təşkili; Maliyyə və mühasibat uçotu; Təsərrüfat), 5 laboratoriya (Torpaq və bitki analizləri; Dənin keyfiyyəti; Xəstəlik və zərərvericilərə nəzarət; İlkin toxumçuluq və  toxumun keyfiyyəti; Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi), ictimai elmlər və xarici dillər kafedrası daxildir. İnstititun struktur tərkibində elmi-istehsalat xarakterli tədqiqat işlərinin aparılması məqsədilə 11 təcrübə bazası, o cümlədən 4 bölgə təcrübə stansiyası (Tərtər BTS, Qobustan BTS, Zaqatala BTS, Cəlilabad BTS), 3 dayaq məntəqəsi (Şəki DM (taxılçılıq istiqamətli), Şəki DM (yemçilik istiqamətli), Gədəbəy DM), 1 təcrübə sınaq stansiyası (Kürdəmir TSS) və 3 yardımçı təcrübə təsərrüfatı (Ağstafa YTT, Abşeron YTT (taxılçılıq istiqamətli) və Abşeron YTT (yemçilik istiqamətli) fəaliyyət göstərir. İnstitutda elmi və müdafiə şuraları fəaliyyət göstərir. İnstitutda 331 nəfər çalışır,onlardan  113-ü elmi işçi, o cümlədən 5-i elmlər, 44-ü fəlsəfə doktorlarıdırlar. 

Elmi fəaliyyəti: İnstitutda buğda, arpa, qarğıdalı, ərzaq paxlalıları, yem bitkiləri və davamlı əkinçilik və bitki diversifikasiyası proqramları çərçivəsində bərk və yumşaq buğdaların, arpanın, qarğıdalının, noxudun, mərcinin, yonca və xaşanın seleksiya və toxumçuluğu, fitopatologiyası, entomologiyası, genetikası, fiziologiyası, biokimyası, biotexnologiyası və becərmə texnologiyası ilə  bağlı tədqiqatlar aparılır.

İnstitut ilk dəfə olaraq ölkədə toxum normasını 30-40% azaldan, suvarma suyuna 25-30% qənaət edən, verilmiş gübrələrin və alaqlara qarşı mübarizənin səmərəliliyini artıran, xəstəlik və zərərvericilərin inkişafına mənfi, kondisiyalı toxum çıxımına müsbət təsir edən vəsaitə qənaətedici tirəyə əkin, təkrar və gecikmiş əkinlərdə iqtisadi cəhətdən səmərəli olan sıfır becərmə texnologiyaların elmi və təcrübi əsaslarını öyrənmiş, tətbiq etmiş və genişləndirmişdir.

Toxumçuluq fəaliyyəti: İstehsal olunan elit toxumlar kvotaya uyğun olaraq Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında hər il 200-ə qədər dövlət və özəl toxumçuluq təsərrüfatlarına paylanır.

Beynəlxalq əlaqələri:  Bu gün Əkinçilik ET İnstitutu birgə tədqiqatların aparılması, toxum materialının mübadiləsi və kadr hazırlığı sahələrində Beynəlxalq seleksiya mərkəzləri olan CIMMYT və ICARDA, Rusiyanın P.P. Lukyanenko adına Krasnodar ET Kənd Təsərrüfatı və Türkiyənin Əskişəhər Tarımsal Araştırma İnstitutları, eləcə də AMEA-nın Botanika, Genetik Ehtiyatlar İnstitutu, Neft-Kimya Prosesləri İnstitutu arasında elmi əməkdaşlığı mövcuddur.  

Ünvan:  AZ 1098.Bakı şəhəri, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz

Telefonlar: (+99412) 551 61 30; 551 68 19

Fax: (+99412) 551 61 30

E-mail: aetei@mail.rutalai_akinchi@mail.ru

Web səhifə: www.aetei.az