Xəbərlər

Dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur

13.01.2020
Drondan fərqli məqsədlər üçün istifadə olunur. Demək olar ki, artıq dronlar dünyada günlük istifadə edilən texnoloji alətlərdən birinə çevrilib. Xarici ölkələrdə əkinçilikdə və heyvandarlıqda dronlardan istifadə hər gün bir az daha artır. Dron və ya pilotsuz uçan aparat (PUA) bu gün elmin və texnikanın tətbiq sahələrinə geniş yol açmışdır. “Dron” sözü ingilis sözü “drone” sözündən götürülmüşdür və bu da bortunda ekipajı olmayan uçan aparat deməkdir. Dronlar digər uçan aparatlara nəzərən xeyli ucuz olduğundan onlardan istifadə iqtisadi cəhətdən çox əlverişlidir. Hazırda dronların kənd təsərrüfatında tətbiqi daha üstün yer tutur və məhz kənd təsərrüfatında onların tətbiqi bu sahədə çox böyük inkişafa səbəb olmuşdur. Bu gün dronlardan kənd təsərrüfatının bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunur. Kənd təsərrüfatında tətbiq edilən dronlar əkin sahələrinin müxtəlif istiqamətlər üzrə monitorinqini aparmaqla, qısa müddət ərzində məlumatlar toplayıb sistemləşdirməyə və proqnozlar verməyə imkan verir. Dronlar əkin sahələrində üçölçülü xəritəçəkmə işlərini yüksək dəqiqliklə həyata keçirir, sahəyə verilən gübrənin bitki tərəfindən mənimsənilmə səviyyəsini müəyyən edə bilir, sahənin suvarılan və ya quraq qalan hissələrini təyin edir, becərilən bitkinin xəstəliklə sirayətlənmə səviyyəsini müəyyən edə bilir.
Dronlar aqrokimyəvi məhsulların və pestisidlərin bitkilər üzərinə çilənməsini çox dəqiqliklə həyata keçirir. Bir sözlə, dronların kənd təsərrüfatında tətbiqi aşağıdakı üstünlüklərə malikdir: torpaq tədqiqatı və aqrotexniki tədbirlərin daha dəqiq aparılması; müşahidələrin aparılması üçün ayrılan zamana xeyli qənaətin edilməsi; nəqliyyat vasitələrindən istifadəyə xeyli qənaətin edilməsi; əkin sahələrində məşğul olan işçilərin sayını azaldaraq əmək haqqı fonduna qənaətin edilməsi; yeni texnologiyaların tətbiqi nəticəsində kənd yerlərində iş üçün gənc mütəxəssislərin cəlb edilməsi.
Ölkəmizdə ilk dəfə DJİ AGRAS MG-1P çiləyici ilə təchiz edilmiş dron Ucar rayonunda DJİ AGRAS MG-1P dronu vasitəsilə qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçrilmişdir.Əkinçilik Elmi-Tədqiqat İnstitutunun "Xəstəlik və zərərvericilərə nəzarət laboratoriyası"nın elmi işçisi Etibar İbrahimov və "Bitki seleksiyası" şöbəsinin elmi işçisi Zöhrab Qəribov tərəfindən həyata keçirilib. Qeyd edək ki, Çin texnologiyası ilə əkilmiş pambıq sahəsinin torpaq səthi polietilen örtüklə örtülür və bitkilərin suvarılması damcı üsulu ilə həyata keçirilir. Bunu əsas gətirən mütəxəssislər bildiriblər ki, pambıq sahəsində qırmızı tor gənəsinə qarşı kimyəvi mübarizədə ağır texnikanın əvəzinə drondan istifadə edilməsi məqsədəuyğundur.